Qərb Ermənistan üzərindən hansı planları qurur? – Ruslan Şevçenko ilə ÖZƏL MÜSAHİBƏ 

Hazırda oxunan: Qərb Ermənistan üzərindən hansı planları qurur? – Ruslan Şevçenko ilə ÖZƏL MÜSAHİBƏ 

169142

“2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərinin möhtəşəm şəkildə həyata keçirilməsindən sonra Qarabağ tam olaraq Azərbaycanın qanuni nəzarəti altına qaytarıldı. Bu tapşırığın icrası, həqiqətən də, regionda sülhü daha da yaxınlaşdırdı. 

Əvvəllər, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda fikir ayrılığı olsa da, sonradan Azərbaycan və İran qarşılıqlı faydalı həll yolu tapdılar. Bu, Ermənistandan yan keçməklə Araz üzərindən körpülər salmaqla Naxçıvan Muxtar Respublikasının ərazisinə çıxışa imkanı verdi”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Moldovanın tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan separatçı rejimi silah gücünə ləğv edəcək” – Ruslan Şevçenko ilə ÖZƏL MÜSAHİBƏ


Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Ermənistan müxalifətinin yenidən aktivliyi və xarici aktorların vasitəçiliyi məsələlərinə toxunan professor, Azərbaycanın uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaza sülhün tez zamanda gələcəyinə əminlik ifadə edib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Şevçenko, bilirsiniz ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi başlayıb. Hər iki tərəf bu məsələ ilə bağlı birgə bəyanat yayıblar. Biz bu məsələyə cavab reaksiyası olaraq erməni müxalifətinin “aktivliyini” görəcəyikmi?

- Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsir edən bir neçə məqam var. Bu, hazırda Bakı həbsxanalarında olan Qarabağ separatizminin keçmiş liderləri ilə bağlı məsələdir. Sözügedən məqam da Paşinyan əleyhinə müxalifət tərəfindən daim qızışdırılır. Onlar bu məsələdən Paşinyanın mövqeyini zəiflətmək üçün istifadə edirlər. 

Azərbaycan bu mövzuda güzəştə getməkdən imtina edir və onların cəzalarını həbsxanada çəkəcəklərini bəyan edir. Bununla belə, onların həbsdə olması Paşinyan üçün faydalıdır. Çünki bu, köhnə separatçıların Ermənistanın siyasi həyatına təsir imkanlarının qarşısını alır. Xüsusən, rusiyayönümlü müxalifət, yəni “Qarabağ klanı” zərərsizləşdirilmiş olur.

- Biz sülh üçün birgə danışıqların mümkün olduğunu gördük. Lakin hələ də Azərbaycanın anklavları məsələsi qalmaqdadır. Ermənistan 8 kəndi könüllü olaraq geri verəcəkmi?

- Söhbət vaxtilə Ermənistan tərəfindən işğal edilmiş və hələ də işğal altında olan 8 Azərbaycan kəndindən gedir. Paşinyanın həmin kəndləri Azərbaycana könüllü təhvil verməsi çox çətindir. Çünki o belə addım atarsa, müxalifət tərəfindən yenidən vətənə xəyanətdə ittiham olunacaq.

Buna baxmayaraq, Azərbaycan hakimiyyəti vaxtaşırı anklav kəndlər problemini qabardır və gec-tez bu problem həll olunmalıdır. Ona görə də Azərbaycanın qələbəsi şübhə doğurmadığı üçün bu dəfə demək olar ki, qısa müddətli münaqişənin yenidən başlanması təhlükəsi hələ də qalmaqdadır. 

O da mümkündür ki, Ermənistan-Azərbaycan münasibətləri tarixində “ərazi məsələsi”nə son qoymaq üçün Paşinyan özü Azərbaycanı belə bir hərbi əməliyyata təhrik etsin. O, 2020-ci ildə 44 günlük müharibə ərəfəsində də oxşar şəkildə davranıb. Nəticədə Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacaq və sonradan rəsmi Bakı ilə yaxşı qonşuluq münasibətləri qurmaq üçün addımlar atacaq. 

- Azərbaycanla Ermənistanın birgə bəyanat verməsi - bu, ilk belə hadisə idi. Sizcə, yaxın gələcəkdə vasitəçilərsiz sülhə nail olmaq mümkün olacaqmı?

- Şübhə yoxdur ki, Ermənistan və Azərbaycan həqiqətən də öz mövqelərini çox ciddi şəkildə yaxınlaşdırıblar və hətta artıq bir-birlərinə müəyyən qarşılıqlı diplomatik güzəştlərə gedirlər. Məsələn, Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb və Azərbaycanın namizədliyini dəstəkləyir. Buna cavab olaraq Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan JOR Bürosuna üzvlüyünə namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib. 

ABŞ, Aİ və Rusiya Federasiyasının bu rolu oynamaq üçün fəal cəhdlərinə baxmayaraq, Ermənistan və Azərbaycanın vasitəçi olmadan əsir mübadiləsini həyata keçirməsi və qarşılıqlı siyasi jestlər etməsi çox vacibdir. Əgər hər iki tərəfin tutduğu bu xətt davam etdirilərsə o zaman tərəflər arasında sülh müqaviləsi bağlanacaq. Baxmayaraq ki, Ermənistan üçün bu, daha çətindir. Çünki İrəvan həm Qərbdən, həm də Rusiya Federasiyasından asılıdır. Biz ümid etmək istəyirik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulacaq. Və bu, yaxın perspektivdə baş verəcək.

- ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda vəziyyətin normallaşmasından narahatdır. Bunu deməyə əsas verən isə onların davranışlarıdır. Aİ və ABŞ regionda nəyə nail olmaq istəyir?

- ABŞ və Aİ-nin davranışı Rusiya Federasiyasının regiondakı mövqelərini köklü şəkildə zəiflədib. İndi Rusiya Federasiyası Gümrüdəki hərbi bazasını itirmək perspektivi ilə üz-üzədir. Rusiyanın 2020-ci ilin payızında və 2023-cü ilin sentyabrında Azərbaycana qarşı mübarizədə Ermənistana kömək etməməsi ermənilər arasında Rusiyaya qarşı narazı olanların sayını artırıb.

Bölgədə geosiyasi düşmənlərinin sürətlə zəiflədiyini görən ABŞ və Aİ Cənubi Qafqazda öz nüfuzlarını “üzə çıxarmağa” tələsirlər və bunun üçün münaqişənin yekun həllində özlərini “vasitəçi” kimi təqdim etməyə çalışırlar. Çünki vasitəçilik onlara Ermənistanla Azərbaycan arasında mövcud olan ziddiyyətlər və problemlər üzərindən oynamağa davam etməyə və mahiyyət etibarilə bu münaqişənin tamamilə sönməsinə imkan vermədən manipulyasiya etməyə imkan verə bilər. Eyni zamanda, Qərb həm Azərbaycandan, həm də Ermənistandan öz geosiyasi iqtisadi və siyasi maraqları üçün istifadə etməyi planlaşdırır.

Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün Cənubi Qafqazda münaqişə yaratmaq Qərbi tamamilə razı salardı. Bunun səbəbini tapmaq da çətin deyil. Onlar ən azı Gümrüdəki Rusiya hərbi bazasının çıxarılmasına nail olmağa çalışırlar.

- Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Borel Ermənistana dəstəyini ifadə edir. “Borel ermənilərdən daha çox ermənidir” - desək, yanılmarıq. Erməni sevdasımı, pulla satın alınmamı – mahiyyət etibarilə bu davranışların səbəbi nədir?

- Vəziyyət həm ABŞ-ın, həm də Avropa İttifaqının, xüsusən də C.Borelin açıq-aşkar ermənipərəst mövqe sərgiləməsi ilə bağlı xeyli mürəkkəbləşib. ABŞ-ın bu cür mövqe sərgiləməsi erməni diasporunun fəaliyyəti ilə izah olunur. Demokratlardan əlavə, Respublikaçılar Partiyasında zəif də olsa, erməni lobbisinin nümayəndələri var. 

Borel isə siyasi baxışlarına görə solçuların nümayəndəsidir və uzun müddət İspaniya Sosialist Partiyasının liderləri sırasında olub. Ona görə də o, Kataloniya separatizminin qəti əleyhinə olsa da (Kataloniyadan olmasına baxmayaraq) Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə Azərbaycanın deyil,  erməni separatçılarının tərəfini tutur və Azərbaycanı günahlandırmağa çalışır.

Bu, 2020-ci ildə 44 günlük müharibədən əvvəl də belə idi, indi də belədir. Aİ rəhbərliyi və şəxsən C.Borel Azərbaycanın əks-arqumentlərini qəbul etmir və hər fürsətdə ittihamlar səsləndirirlər. 

Bu gün onlar yalan danışırlar ki, guya Azərbaycan erməni əhalisini Qarabağdan qaçmağa məcbur edib və onların geri qayıtmasına imkan vermir, eləcə də Azərbaycanın guya regionda erməni mədəniyyət abidələrini dağıdıb. Baş verənlərin əsl mənzərəsi isə fərqlidir. Yəni, erməni əhalisinin azərbaycanlılarla yanaşı yaşamaq istəməmələrinin əsas səbəbi onların Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərlə bağlıdır.

- Azərbaycan 30 illik haqsızlığı öz gücü ilə haqqa çevirdi. Qeyd etdiyimiz ölkələr və təşkilatlar isə daim susdu. Sizcə, beynəlxalq ictimai fikiri dəyişmək üçün necə addımlar atılmalıdır?

- Azərbaycan üçün vəziyyətdən çıxış yolu Aİ-nin müxtəlif ölkələrində öz mövqeyini izah etmək üçün genişmiqyaslı və çox uzunmüddətli, onilliklər boyu davam edən kampaniyaya başlatmaq ola bilər. Azərbaycanın artıq bu istiqamətdə təcrübəsi də var. 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü il 19-20 sentyabr antiterror tədbirləri zamanı bir çox ölkələr bu və ya digər şəkildə Azərbaycanı dəstəklədi, ya da ən azı neytrallıq nümayiş etdirdi. 

Avropa Birliyi ölkələrində də siyasi təşkilatlarla oxşar genişmiqyaslı, hərtərəfli və düşünülmüş iş kampaniyası aparılarsa, o zaman ermənipərəst lobbinin mövqeləri xeyli sarsılacaq. Ola bilsin ki, erməni diasporu hətta Fransa və ya Belçika kimi tamamilə ermənipərəst ölkələrdə belə əhəmiyyətli dərəcədə zəifləsin. Eləcə də, Aİ-nin digər dövlətlərinin siyasi elitası sonda Borel kimi qatı erməni lobbiçilərini təcrid edərək Azərbaycanın mövqeyini dəstəkləməyə başlaya bilərlər. Şübhə yoxdur ki, belə bir xətt Azərbaycanın beynəlxalq aləmdə, xüsusən də Aİ ölkələrində mövqeyinin möhkəmlənməsinə kömək edəcək.

- Cənab Şevçenko, zaman ayırdığınız və suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin