XƏBƏRDARLIQ: “Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə…”

Hazırda oxunan: XƏBƏRDARLIQ: “Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə…”

169023

Havaların soyuması ilə bağlı mövsümi xəstəliklərin də sayı artır. Ümumi şəkildə qrip adlandırdığımız bu mövsümi xəstəliklərə qarşı mübarizədə çoxlarımız həkim məsləhəti olmadan antibiotik qəbul edirik. Bu isə olduqca təhlükəlidir.

Çünki antibiotiklər bütün orqanizmlərə uyğun deyil və yan təsirləri olur.

Ona görə də antibiotikdən istifadəni yalnız həkimin müəyyən edə bilər. İstənilən dərman preparatından insan şoka düşə, allergik funksiyalara məruz qala bilər. Bunun daha ağır forması anafilaktik şokdur. Antibiotiklər müxtəlif təsirlərə malikdir. Bu dərman vasitələrinə qarşı mikrobların davamlılığı günü-gündən artdıqca antibiotiklərin də daha güclü təsirə malik olan növləri istehsal olunur.

“Reseptsiz dərman satışı doğru deyil” Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən həkim Rasif Bağırov bildirib ki, antibiotikin xəstəyə təyin olunması üçün ciddi əsaslar lazımdır:

“Təəssüf ki, adi virus xəstəlikləri zamanı belə insanlarımız özbaşına antibiotiklərdən istifadə edir. Ümumiyyətlə, dərmanların apteklərdən reseptsiz buraxılması doğru deyil. Dünyanın heç bir ölkəsində reseptiz dərman satılmır. Amma bizdə ixtiyari şəxs aptekə girib istədiyi dərmanı reseptsiz əldə edə bilir. Bu da insanların tibbi savadsızlığından irəli gəlir.

Bir çoxları həkimə getməkdənsə, aptek satıcısından və yaxud internet resurslarından məsləhət alır. Halbuki, həkim məsləhəti olmadan hansısa dərmanın qəbul edilməsi çox təhlükəlidir. Çünki həkim xəstəyə hansısa dərmanı yazanda onun yan təsirlərini nəzərə alır. Amma aptekdəki satıcı üçün bu vacib deyil. Təki onun alveri getsin. Qış aylarında insanlar antibiotiklərdən çox istifadə edir. Bu istifadə zamanı da çox vaxt həkimlə məsləhətləşmirlər”.

“Həkim məsləhəti olmadan antibiotik qəbul edilərsə…”

Həkim qeyd edib ki, həkim məsləhəti olmadan antibiotiklərin qəbul edilməsinin ciddi fəsadları olur:

“Məsələn, kimsə böyrək xəstəliyindən əziyyət çəkir. Antibiotik də böyrək üçün zəhər hesab olunur. Belə adamlar sonra böyrək çatışmazlığından əziyyət çəkir. Ümumiyyətlə, hansısa xəstəliyin daşıyıcısı olan şəxs həkim məsləhəti olmadan antibiotik qəbul edirsə, bunun çox ağır fəsadları olur. Hətta ölüm halları baş verir.Ümumiyyətlə, özünümüalicənin çox ağır nəticələri olur”.

Rasif Bağırov ölkəmizdə reseptsiz dərman satışının ciddi problem olduğunu bildirib:

“Bu məsələdə məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür. Reseptsiz dərman satışının qarşısı hökmən alınmalıdır. Bildiyim qədər, yanvarın 1-dən elektron resept layihəsinin icrasına başlanılır. Bu problemin həllinə müəyyən qədər kömək edəcək. Amma nəzarət ciddi şəkildə gücləndirilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin