Hər bir dövlət qurumunun görünən üzü əsasən ictimaiyyətlə əlaqələr mütəxəssisi, PR menecerləri və ya mətbuat katibləridir. Jurnalistlər hansısa məlumatı dəqiqləşdirmək istədikdə ilk müraciət etdikləri ünvan ictimaiyyətlə əlaqələr şöbəsi, konkret desək, mətbuat katibləri olur. Amma bəzən o şöbələrlə əlaqə yaratmaq, mətbuat katiblərilə danışmaq müşkül məsələyə çevrilir.
Bizim.Media bu ilin əlçatmaz mətbuat katibləri ilə bağlı jurnalistlər arasında sorğu keçirib:
Modern.az saytının əməkdaşı Turqay Musayev:
MÖVZU İLƏ BAĞLI:
Bir neçə naziri yola salan mətbuat katibləri - SİYAHI
“Bu il mətbuat katiblərinin çox az qismindən narazılığım olub. Buna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyevanı misal gətirə bilərəm. Onunla, ümumiyyətlə əlaqə saxlamağım mümkün olmayıb”.
Bakıvaxtı.az saytının müxbiri Aytac Aslan:
“Keçən illə müqayisədə bu il mətbuat katibləri verilən suallara cavab verir, yəni vəzifə öhdəliklərini yerinə yetirir. Ancaq bir neçə şəxs var ki, bilmirsən, nazirə müraciət etmisən, yoxsa mətbuat katibinə... Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyevaya heç vaxt zəng çatmır, hadisə baş verdikdə məcburuq ki, hansısa şöbədən adam tapıb əlaqə quraq. Bu da vaxt aparır. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova ilə də əlaqə qurmaq çox çətindir. Düşünürəm, mətbuat katibləri fəaliyyət göstərdikləri qurumun ən əlçatan adamı olmalıdırlar. Biz jurnalistlər iş saatı ərzində məlumat ala bilməliyik”.
Cebhe.info saytının əməkdaşı Vilayət Muxtar:
“Adətən mətbuat katibləri vəzifəyə yeni təyinat alanda bir müddət jurnalistlərlə yaxşı yola getməyə çalışırlar. Amma sonradan əksəriyyəti qurulan əməkdaşlıq münasibətlərindən sui-istifadə edirlər. Sanki bu əməkdaşlıqlar informasiyaya çıxış imkanını məhdudlaşdırmaq məqsədi ilə qurulur. Narazı qaldığım mətbuat katibləri məhz bu istiqamətdə fəaliyyətini quranlardır. Heç vaxt cavab ala bilmədiyim qurumlar isə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsidir. Hər iki qurumun sözçülərinin fəaliyyətindən narazıyam”.
Sputnik.az saytının müxbiri Zülfiyyə Quluyeva:
“Son illər mətbuat xidməti rəhbərlərinin jurnalistlərin sorğularını cavablandırmaqdan imtina etməsi halları demək olar ki, azdır. Hətta elə qurumlar var ki, sorğuları medianın tələblərinə uyğun, çox operativ cavablandırırlar. "Rəsmi sorğu yaz", "mailə göndər", "rəsmi blankda göndər" kimi sözlərlə bizi incitmirlər. Hətta elə qurumlar var ki, “vatsap”, “teleqram” üzərindən sualı dərhal cavablandırırlar. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, İqtisadiyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərsu" ASC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, DSMF, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Analitik Ekspertiza Mərkəzi, Dövlət Turizm Agentliyinin mətbuat xidmətlərinin işindən çox razıyam. Amma Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Mətin Hüseynov heç vaxt telefonu açmır, SOCAR sorğulara çox gec cavab verir. AZAL rəsmi sorğuları belə görməzdən gəlir. MİDA-nın mətbuat katibi də yaxşı işləmir”.
Demokrat.az saytının əməkdaşı Törə Zeynallı:
“Ümumilikdə qurumların media ilə əməkdaşlığını artırdığını və informasiya sorğularına daha həssas yanaşmağa başladığını düşünürəm. Bəzi qurumların mətbuat xidmətləri daha operativ işləyir, bu təqdirəlayiqdir. “Bakı Metropoliteni” QSC, "Azərsu" ASC, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini xüsusi vurğulamaq istərdim. Elm və Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, TƏBİB də sorğularımı cavabsız qoymayıb. Lakin Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətlərindən cavab almaqda çətinlik çəkmişəm”.
Anews.az saytının baş redaktoru Gülnar Nazimqızı:
“Jurnalistlərin sorğularına ən zəif cavab verən qurum Səhiyyə Nazirliyidir. Bu nazirliyin mətbuat katibinin isə, ümumiyyətlə bu dünyada olub-olmadığı ilə bağlı faktımız yoxdur. Ədliyyə Nazirliyi dəfələrlə sorğu göndərsəm də cavab verməyib.
Nazirlər Kabinetinə isə Allah eləməsin ki, sualımız olsun, çünki telefonu açan olmur. Sorğular gedər-gəlməzə dönür. Telefonu açanda da bir cavab eşidirik: "bizdə bu haqda məlumat yoxdur". Ümumiyyətlə mətbuat katiblərinin jurnalistlər arasında fərq qoymasını şiddətlə qınayıram. Əksər qurumlar bir -iki agentlik və saytı çağırmaqla öz reklamını aprmaqdan başqa məsələlərə açıq deyillər.
Bu barədə MEDİA-nın bir təlimində Prezident Admistrasiyanın mətbuat katibləri ilə işləyən məsul nümayəndəsinə də vəziyyəti izah etdim ki, mətbuat katiblərinin əksəriyyətinin juralistlərlə işləmək problemi var. Həmin təlimdə öyrəndim ki, əslində 2020-ci ilə qədər jurnalistlərlə işləmək üçün hər hansı mexanizm yox imiş. Ümid edirik ki, hazırlanan mexanizmdən sonra mətbuat katibləri anlayacaq ki, jurnalist elə hər yerdə jurnalistdir”.
Nuranə Daxilqızı, Bizim.Media