Cəbrayılda minatəmizləyən texnikalar istehsal olunacaq – VİDEO  

Hazırda oxunan: Cəbrayılda minatəmizləyən texnikalar istehsal olunacaq – VİDEO  

168532

Dövlət başçısının Fərmanına əsasən, Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 rezidentindən biri də “İmprotex Qarabağ Sənaye kompleksi”dir. Sənaye Parkında kompleksin zavodunun tikintisinə başlanılıb. Gələn il fəaliyyətə başlayacaq zavodda minatəmizləyən texnikalarla yanaşı, qoşqu və yarımqoşqu, xüsusi təyinatlı texnikalar istehsal ediləcək. 

Bizim.Media xəbər verir ki, “İmprotex Qarabağ Sənaye Kompleksi”nin direktoru Fərid Abdullayev AZƏRTAC-a açıqlamasında bildirib ki, Sənaye Parkında kompleksin ümumi sahəsi 5 hektar ərazini əhatə edəcək və burada 8 min kvadratmetrlik zavod olacaq. Layihə üzrə tikinti işləri mərhələli şəkildə aparılacaq. Zavod üçün 7,4 milyon manat investisiya yatırımı planlaşdırılır. Zavodda açılacaq 124 iş yerində yerli sakinlər çalışacaq. 

Fərid Abdullayev deyib: “Ölkə rəhbərliyinin tapşırığına əsasən, tərəfimizdən minatəmizləyən texnikalar istehsal olunur və işğaldan azad olunan ərazilərdə işlərə cəlb edilir. Hazırda “Revival-T” və “Revival-P” adlı 2 növ texnika istehsal edirik. Bu texnikalar aidiyyəti qurumlar tərəfindən təyinatı üzrə istifadə olunur. Burada inşa olunan zavod fəaliyyətə başladıqdan sonra ilkin mərhələdə mexaniki minatəmizləyən texnikaların istehsalının genişləndirilməsi nəzərdə tutulub ki, bu da il ərzində 100-ə yaxın texnika istehsalı deməkdir. Bundan başqa, həmin texnikalara servis xidməti də həyata keçiriləcək. Bu texnikalar həm ölkəmizin ehtiyacını qarşılayacaq, həm də ixrac olunacaq”. 

“İmprotex Qarabağ Sənaye Kompleksi”ndə Azərbaycanda ilk dəfə olaraq tentli və bortlu yarımqoşqular da istehsal edilir. Fərid Abdullayev bildirib ki, həmin məhsullar Azərbaycana aid olan VİN kodla təchiz edilir. 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik və magistral yolların keçdiyi ərazidə yerləşdiyi üçün burada da həmin qoşqu və yarımqoşquların istehsalını planlaşdırırıq. İlkin mərhələdə 100, növbəti illərdə isə 300 ədəd istehsal nəzərdə tutulur. Bundan başqa, zavodda yanğınsöndürmə təyinatlı texnikalar da istehsal ediləcək. Bunun üçün Avstriya şirkəti ilə müqavilə bağlanılıb. Müasir texnoloji avadanlıqlar gətirməklə yanğın söndürənlər və digər kommunal təyinatlı xüsusi texnikaların istehsalı planlaşdırılır”. 

Hazırda zavodun inşası üçün layihələndirmə mərhələsi başa çatıb və ərazidə tikinti işlərinə başlanılıb. Qısa müddətdə işləri yekunlaşdırmaq qarşıya əsas məqsəd kimi qoyulub. Zavodun açılışı isə 2024-cü ilin oktyabr ayına nəzərdə tutulub. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin