Kürdəmir rayon Hüseyn Cavid küçəsinin kanalizasiya xətti bərbad durumdadır. Sakinləri illərdir ki, bu küçədə kanalizasiya xəttinin yararsız olmasından təngə gəliblər.
Bununla bağlı Bizim.Media-nın Aran bürosuna müraciət edən rayon sakinləri bildirib ki, illərdir kanalizasiyanın yaratdığı çətinliklərlə və küçədəki antisanitar vəziyyətlə üz-üzə qalıblar:
“Hüseyn Cavid küçəsində 60-a yaxın ev olmaqla 400-dən artıq sakin yaşayır. Buranın kanalizasiya sistemi 1979-ci ildə iməclik yolu ilə və o dövrün tələblərinə uyğun tikilsə də, zaman-zaman xəttin üzərində inşa edilən evlərin sayı artdığından kanalizasiya xətti tamamilə sıradan çıxıb”.
Sakinlərin sözlərinə görə, hər dəfə yağış yağanda kanalizasiya xətti tutulur, həyətlər suya qərq olur və hərəkət etmək mümkün olmur.
Küçədə yığılan yağış sularını sakinlər öz hesablarına çəkdirib qurudurlar. Yay aylarında üfunət qoxusundan dayanmaq, qış aylarında isə sudan, seldən hərəkət etmək mümkün deyil. Xüsusilə, azyaşlı uşaqlar məktəbə gedərkən çətinlik çəkirlər. Əsasən qış aylarında valideynlər uşaqlarını məktəbə yağış sularından qorumaq üçün qucaqlarında aparıb, gətirməli olurlar.
Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, bununla bağlı heç bir əməli iş görülməyib.
Hazırda sakinlər ərazidə kanalizasiya xəttinin yenidən qurulması üçün aidiyyatı qurumlardan kömək istəyirlər.
Məsələ ilə bağlı suallarımızı “Azərsu” ASC-nin 2 nömrəli regional su idarəsinin Kürdəmir su kanal sahəsinin rəisi Arzu Şahbazova ünvanladıq. O, bildirdi ki, Hüseyn Cavid küçəsinin kanalizasiya problemindən xəbərdardırlar.
Qurum rəsmisinin sözlərinə görə hər dəfə güclü yağışlar yağanda adıçəkilən küçə su ilə dolur və həmin sular texnikalar vasitəsilə çəkilir:
“Hazırda rayon əhalisinin sayı bir neçə dəfə artdığından küçələrdə bu kimi çətinliklər yaranır. Kürdəmirdə su və kanalizasiya xəttləri 2011-2013-cü illərdə dövlət proqramına daxil olub. Su çəkilib təhvil verilsə də, kanalizasiya xətti yarımçıq qalıb. Bu səbəbdən rayonun bəzi küçələrində mövcud vəziyyət yaşanmaqdadır. Bunun aradan qaldırılması üçün yarımçıq qalmış kanalizasiya xətlərinin çəkilməsi dövlət proqramına salınıb. Dövlət tərəfindən vəsaitin ayrılacağı təqdirdə həmin işlər başa çatdırılacaq”, - deyə qurum rəsmisi əlavə edib.
Mövzunu diqqətdə saxlayacağıq.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 11.12.2023
Kürdəmirin kanalizasiya DƏRDİ – Problem nə vaxt HƏLL OLUNACAQ? – FOTO
Hazırda oxunan: Kürdəmirin kanalizasiya DƏRDİ – Problem nə vaxt HƏLL OLUNACAQ? – FOTO
Hazırda oxunan: Kürdəmirin kanalizasiya DƏRDİ – Problem nə vaxt HƏLL OLUNACAQ? – FOTO
168489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.