Ərdoğandan Yunanıstanın Baş nazirinə: "Düşmənçilik münasibətlərinin sonuna çatmışıq"

Hazırda oxunan: Ərdoğandan Yunanıstanın Baş nazirinə: "Düşmənçilik münasibətlərinin sonuna çatmışıq"

167934

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mediaya birgə açıqlama veriblər.

Bizim.Media xəbər verir ki, hər iki tərəf görüşün müsbət məcrada və məhsuldar keçdiyini ifadə edib.

“BMT-nin qərarları bizim üçün çox önəmlidir və Kiprlə bağlı inkişaf prosesi bu istiqamətdə aparılmalıdır. İnanıram ki, aramızda olan düşmənçilik münasibətlərinin sonuna çatmışıq”,-deyə Yunanıstanın Baş naziri bildirib.

Görüşdə Türkiyə vətəndaşlarının Egey adalarına vizasız gediş-gəlişinin müzakirə edildiyini deyən Kiriakos Mitsotakis iki qonşu ölkə arasındakı münasibətlərin yeni dövrünü “sakit sularda gözəl mehlə üzən gəminin kapitanları kimi ikimiz də gözəl bir gələcək yaratmalıyıq” sözləri ilə ifadə edib.

Bildirilib ki, iki sərhədyanı ölkə yan-yana və birlikdə hərəkət etməlidir.

Öz növbəsində dəvətə görə təşəkkürünü bildirən Ərdoğan bu səfərin Türkiyədən Yunanıstana prezident səviyyəsində 65 il aradan sonra ilk ziyarət olduğunu xatırladıb.

“Münasibətlərimizdə mövcud olan müsbət dinamikanı daha da inkişaf etdirmək istəyirik. Artıq yeddi ildən sonra bu gün Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclasını keçirməyimiz də bu niyyətin göstəricisidir. Hesab edirəm ki, biz növbəti görüş üçün bu qədər fasilə verməyəcəyik. Təsis bəyannaməsində qeyd olunduğu kimi, bu görüşün ildə ən azı bir dəfə keçirilməsi hər iki ölkə üçün faydalı olar”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti görüşdə iki ölkə arasında hazırda təxminən 5 milyard dollar olan ticarət həcmini 10 milyard dollara çatdırmaq barədə razılığa gəlindiyini qeyd edərək deyib:

“Biz həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrimizi inkişaf etdirmək istəyirik. Baş nazirlə görüşlərimizdə Egey və Şərqi Aralıq dənizindəki münasibətlərimizlə bağlı fikir mübadiləsi apardıq və xarici işlər nazirlərimizdən bu məsələ ilə bağlı işlərə qətiyyətli yanaşmalarını istədik. Hazırkı problemlərimizi konstruktiv dialoq, mehriban qonşuluq və beynəlxalq hüquq çərçivəsində birgə səylərlə həll etmək səmimi arzumuzdur”.

Görüşdə terrorizmlə mübarizədə əməkdaşlığın inkişafı məsələlərinin də müzakirə olunduğunu deyən Ərdoğan xüsusilə Lavrion düşərgəsinin bağlanmasını yüksək qiymətləndirdiklərini vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin