Azərbaycanın müstəqil siyasəti niyə ABŞ-ı narahat edir? – Con Kolarussodan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanın müstəqil siyasəti niyə ABŞ-ı narahat edir? – Con Kolarussodan ÖZƏL AÇIQLAMA 

167761

“ABŞ ilə Azərbaycan arasında gərginliyin iki səbəbi var. Birincisi, daxili xarakter daşıyır. Söhbət ABŞ-dakı erməni diasporundan gedir. İkincisi, Azərbaycan ABŞ-ın problem yaşadığı üç dövlətin – İran, Rusiya və Türkiyənin qovuşduğu bölgədə yerləşir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında kanadalı professor, politoloq Con Kolarusso deyib. Bakı və Vaşinqton arasındakı gərginliyi şərh edən politoloq, Azərbaycanın hər zaman olduğu kimi, təzyiqlərə baxmayaraq balanslı siyasət yürütməyə davam etməli olduğunu düşünür.

“Balanslı siyasət Vaşinqtonun xoşuna gəlmir”

“Ona görə də Azərbaycan öz maraqlarını qonşu ölkələr faktoru ilə balanslaşdırmalıdır. Azərbaycan Rusiya və İranla münasibətlərdə neytral mövqe tutur. Bu cür balanslı siyasət isə Vaşinqtonun xoşuna gəlmir”, - deyə professor bildirib.

Analitik böyük güclərin Zəngəzur dəhlizində toqquşan maraqlarına da diqqət çəkib: 

“Rusiya və ABŞ-nin Cənubi Qafqazda maraqlarının ən çox toqquşduğu məsələ Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi həqiqətən Türkiyə ilə bütün Türk dünyası arasında birbaşa əlaqə yaradacaq. Bu dəhliz Ermənistan ərazisindən keçəcək. Lakin Ermənistan bu layihədən boyun qaçırır. 

Zəngəzur dəhlizinin reallaşması üçün Ermənistanla danışıqlara başlamaqla uzunmüddətli sabitliyə nail olmaq lazımdır. Düşünürəm ki, Ermənistan üçün dəhliz vasitəsilə qazanacağı tranzit gəlirləri önəmli məqamdır. Zəngəzur koridoru təkcə Türk dünyasının yox, Ermənistan və Gürcüstanın da ortaq maraqlarına xidmət edir. Həmin ortaq maraq isə Cənubi Qafqazda stabilliyin təmin olunmasıdır”.

Zəngəzur dəhlizinin açılmasına kim mane olur? 

Azərbaycanla Ermənistanın bir-biri ilə dil tapa biləcəyinə və dəhlizin reallaşacağına inanan Kolarusso, əsas problemin ABŞ-Rusiya anlaşmazlığından yarandığını deyib:

“Ermənistan hələ də müharibədəki məğlubiyyətin acısını yaşayır. Lakin dəhlizin açılması və güzəştli tranzit şərtlərinin tətbiqi Vaşinqtonu bu layihənin reallaşmasına təşviq edə bilər. Əgər ABŞ-ı inandırmaq mümkün olsa, o, Ermənistana dəhliz üçün təzyiq edəcək. 
Lakin burada paradoksal vəziyyət var. ABŞ indi Rusiyaya hər məsələdə qarşıdır. Buna görə də Rusiyanın Zəngəzur dəhlizində olmasını istəmir. Lakin düşünürəm ki, Azərbaycan hər zaman olduğu kimi Rusiyaya qarşı neytral siyasətinə davam etməlidir”, - deyə C.Kolarusso əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin