Talassemiyalı xəstələrlə bağlı QORXUNC RƏQƏMLƏR – Qohum evliliyi niyə QADAĞAN olunmur?

Hazırda oxunan: Talassemiyalı xəstələrlə bağlı QORXUNC RƏQƏMLƏR – Qohum evliliyi niyə QADAĞAN olunmur?

167718

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə var.

Talassemiya insanların normalda olduğundan daha az hemoqlobini və çox az qırmızı qan hüceyrəsi olur. Azərbaycanda müxtəlif illərdə talassemiyalı xəstələrin sayında artım və azalma müşahidə edilib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə tibb müəssisələrində qeydiyyatda olan talassemiya xəstələrinin sayı 4096 nəfərdir. Onun 1967 nəfəri 0-17 yaş aralığında olanlardır. 

Bu ilin avqustuna olan rəsmi məlumata görə isə “Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzində rəsmi qeydiyyatda olan 3000-dən artıq hemoqlobinopatiyalı xəstə var. Ötən illərlə müqayisədə yeni doğulan talassemiyalı xəstələrin sayında ciddi şəkildə azalma müşahidə olunur.

Xəstəlik irsidir və yayılmasının qarşısını almağın yollarından biri nikah öncəsi tibbi müayinənin aparılmasıdır. 2015-ci ildən ölkədə nikaha girəcək cütlüklər məcburi şəkildə müayinə olunur, İİV/QİÇS testindən keçirlər. Əgər iki talassemiya daşıyıcısı evlənirsə, onların uşaqlarının daşıyıcı olma ehtimalı 50 faiz, talassemiyalı olma ehtimalı isə 25 faizdir. Həmçinin, sağlam doğulma ehtimalı da 25 faiz təşkil edir. Əgər iki talassemiyalı nikaha girərsə, bu nikahdan dünyaya gələn körpə eyni xəstəliklə doğulacaq. Yəni körpə atadan və anadan bu xəstəliyi irsən alacaq.

Qan xəstəliklərinin çoxalmasında qohum evliliklərinin də rolu var. Azərbaycanda öz əmisi qızı, xalası oğlu və digər qohumlarla evlənənlərin statistikası aparılmır. Yəni il ərzində qeydə alınan nikahların neçəsinin qohum evliliyi olduğunu bilmirik.

Eyni zamanda, talassemiyalı uşaqların neçəsinin valideynlərinin qohum olduğu haqqında da statistik məlumatlara rast gəlinmir.

Təsadüfi deyil ki, talassemiya ilk dəfə qohumlar arasında nikahın dəbdə olduğu İtaliyanın Siciliya adasında aşkar edilib. Ona görə də bəzi ölkələrdə qohum evliliyi qadağandır. ABŞ-ın bir neçə ştatında birinci dərəcəli, yəni xala, bibi, əmi, dayı uşaqları arasında evlilik qanunla qadağan edilib. Azərbaycanda isə birinci dərəcəli qohumla evlilik ənənəsi davam edir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, xəstəlik irsi olduğu üçün körpə doğuşdan öncə hələ həkim nəzarətində olmalıdır:

“Talassemiya irsi xəstəlikdir, bu, qandakı hemoqlabin zəncirinin 4 genində olan genlərin defektidir. Alfa və beta zəncirinin hərəsinə iki gen olmaqla onların inkişaf qüsuru talassemiya kimi dəyərləndirilir.

Talassemiya bir və ya iki gen daşıyıcılığı, xəstəlik kimi ayırd edilir. Bir gen daşıyıcılığı yüngül, iki gen daşıyıcılığı ağır sayılır. Əgər bir daşıyıcı ilə bir sağlam evlənirsə, uşaq ola bilsin ki, sağlamdan gen götürsün və tam sağlam olsun. Əgər hər iki daşıyıcı evlənirsə, 25 faiz halda uşaq xəstə doğula bilər. Yəni bu, nəzərə alınmalıdır. Ona görə də bunların yoxlanması vacibdir və hamiləlik zamanı uşaq nəzarət altında olmalıdır”. 

Həkim talassemiya xəstəliyi aşkarlanan dölün doğulmamasının tərəfdarıdır:

“Çünki bu uşaq ailə üçün də böyük bir yük, faciəyə çevrilir. Hesab edirəm ki, talassemiya ilə mübarizə proqramı dövlət proqramı şəklində bütün bu nüansları nəzərə alıb. Hər bir cütlük, hətta onlar ikisi də daşıyıcıdırsa, gələcəkdə ailələrində talassemiyalı uşaqların doğulmaması üçün məsləhətlər verilir və həkim nəzarətində bu işlər kordinasiya edilir”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin