Qərbin İKİÜZLÜLÜYÜ – Zelenski niyə əvvəl qəhrəman, indi isə günahkar ELAN OLUNDU?

Hazırda oxunan: Qərbin İKİÜZLÜLÜYÜ – Zelenski niyə əvvəl qəhrəman, indi isə günahkar ELAN OLUNDU?

167019

Ukrayna prezidenti Volodimir Zelenskinin reytinqi sürətlə aşağı düşür. Ən azından Qərbə bağlı mənbələr bu iddia ilə çıxış edirlər.

Belə ki, Ukrayna liderinin reytinqi noyabrda müharibə dövründəki ən yüksək 91%-dən 76%-ə enib. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatlarına görə, 2023-cü ilin noyabrında təkcə Zelenskinin deyil, onun komandasının da nüfuzu kəskin aşağı düşüb. Məsələn, hazırda hökumətə və parlamentə inam 2022-ci ildəki 74 faizdən müvafiq olaraq 39%-ə və 58-dən 21%-ə düşüb.

Qərb Zelenskini necə qaralayır?

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun icraçı direktoru Anton Qruşetskinin sözlərinə görə etimadı azaldan əsas amillər korrupsiya qalmaqalları və Qərbin Ukraynaya silah tədarükünün azalmasıdır.

Onu da qeyd edək ki, Kiyev Beynəlxalq Sosialogiya İnstitutunun əməkdaşlıq etdiyi təşkilatlara və media qurumlarına baxmaq İnstitutun Qərbə birbaşa bağlı olduğunu görmək üçün yetərlidir.

Zelenskinin obrazını qaralamaq cəhdləri bununla da yekunlaşmır. Məsələn, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bu günlərdə “The Economist” üçün yazdığı məqalədə döyüşlərin dalana dirəndiyini qeyd edib. 
Maraqlıdır ki, Zelenskinin nüfuzu təkcə Ukraynada deyil, xarici ölkələrdə də aşağı düşür. Bəzi dairələr hətta Zelenskinin korrupsiya bataqlığına batdığını deyirlər.

Məsələn, məşhur teleaparıcı Taker Karlson Ağ Evə çağırış edib ki, ABŞ-ın Ukraynaya verdiyi limitsiz yardımı nəzərə alaraq Ukrayna prezidenti Zelenskinin hesablarının auditi aparılsın:

“Birləşmiş Ştatlar təkcə 2022-ci ildə Ukraynaya 14  milyard dollar göndərib. Amma bu qədər vəsaitin auditi aparılmır”.

Nəzərə alaq ki, Taker Karlson ABŞ-da Bayden siyasətinin sərt tənqidçisi kimi tanınır. Karlson 2020-ci ilin yayından başlayaraq, "Fox News"telekanalında gündəlik müəllif proqramı ilə çıxış edir. Onun proqramı ABŞ-da ən çox baxılan siyasi şoudur və orta tamaşaçı auditoriyası 5 milyon nəfərdən çoxdur.

Qərbyönümlü müxalifət qorxunc faktlar səsləndirir

Ukraynadakı qərbyönümlü müxalif “Müxalifət Platforması - Həyat Naminə" partiyasından olan Ali Radanın deputatı İlya Kiva bir müddət əvvəl bəyan etmişdi ki, Zelenski Prezident olduğu ilk iki il yarım ərzində "Dresdner Bank" da 1,2 milyard dollar vəsait toplayıb:

“Həmin vəsaiti Pezidentin hesabına Rinat Axmetov, Viktor Pinçuk, İqor Kolomoyski kimi ukraynalı oliqarxlar köçürüb. Pullar "First Union Bank", "Deutsche Bank", "Banque Nationale de Paris" kimi banklardan Zelenskinin hesabına köçürülüb”. 

Deputatın fikrincə, Almaniya və Fransa hakimiyyətindən iznsiz bu qədər vəsaitlərin köçürülməsi qeyri-mümkün olardı. Onun iddiasına görə, Zelenski özünə Mayamidə 34 milyon dollara villa, həmçinin 5,6 milyon dollara bir neçə dəst zinət əşyası da alıb. 

Digər bir iddiaya görə, Ukrayna Prezidentinin ofisinin rəhbəri Yermakın Almaniya bankında 56 milyon dolları var.

Qəhrəmandan antiqəhrəmana...

Artıq Zelenski keçmiş silahdaşları tərəfindən də ağır tənqidlərə məruz qalır. Məsələn, Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Oleksiy Arestoviç açıq şəkildə bildirib ki, Zelenskinin əli 400 min ukraynalının qanına batıb. Bu isə artıq ciddi ittihamdır. 

Nəzərə alaq ki, Ukraynada müharibənin dalana dirəndiyini artıq Qərbdə də görür, anlayırlar. Ona görə də Qərb diqqəti Ukraynadan yayındırmaq üçün müxtəlif yollar axtarır. Əslində HƏMAS-ın İsrailə qəfil hücumun arxasında Qərbin dayandığını düşünənlər də var. 
Çünki yeni qaynar nöqtə köhnə məğlubiyyətlərin unudulması üçün ən yaxşı vasitədir. Təsadüfi deyil ki, dünya artıq 2 aya yaxındır ki, İsrail-Fələstin qarşıdurması ilə “nəfəs alır”. Və Yaxın Şərqdəki müharibə açıq şəkildə Ukrayna-Rusiya müharibəsini kölgədə qoyub. 

Bu da Qərbin lehinə işləyən faktordur. Yada salaq ki, HƏMAS-ın İsrailə hücumunun ertəsi günü, oktyabrın 8-də Zelenski təəssüflə qeyd etdi ki, Qəzzadakı müharibə dünyanın diqqətini Ukrayna-Rusiya müharibəsindən yayındıracaq. 

Qərbin quru vədləri

Maraqlı cəhət ondan ibarətdir ki, Zelenski Qərbin yardımının azalmasından daha çox narahatdır. Ukrayna Prezidentinin bu narahatlığı fonunda Qərb bəyan edir ki, bu dövlətin NATO və Aİ-yə üzv qəbul edilməsi üçün yeni Yol Xəritəsi hazırlanıb. Həmin Yol Xəritəsinə görə isə Ukrayna bəzi ərazilərinin Rusiyanın nəzarətində qalması ilə barışmalıdır. 

Göründüyü kimi, Ukrayna üçün ümumi mənzərə çox ağırdır: Müharibədə irəliləyiş yoxdur, NATO-nun yardımları azalır, Zelenskinin qəhrəman obrazını yaradan Qərb onu günah keçisi kimi təqdim edir...

Bir sözlə, Ukrayna gözümüzün önündə Qərbin növbəti qurbanına çevrilir. Ölkə əhalisinin yarısı didərgin düşüb, itkilərin sayı yüzminlərlə ölçülür. 2022-ci ilin fevralından öncə Zelenskini qəhrəman elan edib, müharibəyə təhrik edən Qərb bu gün Ukraynanı yarı yolda, məğlub durumda buraxıb aradan çıxmağa çalışır. Baş verənlərin əsas günahkarı kimi isə Zelenskini hədəfə qoymağı planlaşdırırlar.

Bu ağır mənzərə bir reallığı yenidən göz önünə gətirir: 

“Qərbin ipi ilə quyuya enməyin – ya ipləri qırılacaq, ya da bəd ayaqda ipi atıb qaçacaqlar...” 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin