Zaqatala sakinlərinin qaz problemi nə vaxt həllini TAPACAQ? – FOTOREPORTAJ 

Hazırda oxunan: Zaqatala sakinlərinin qaz problemi nə vaxt həllini TAPACAQ? – FOTOREPORTAJ 

166814

Üç il əvvəl “Azəriqaz” rəsmiləri Zaqatalanın Suvagil kəndinə qaz xətti cəkiləcəyini və mavi yanacaqla təmin olunacaqlarını söz versələr də, problem vəd olaraq qalır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Suvagil Zaqatalanın müasir kəndlərindən hesab olunur.


Burada bütün küçə və məhəllələr plana uyğun, tikinti qaydalarına riayət olunmaqla inşa edilib. Kəndə daxil olub bir-iki küçə addımlamaq yetər ki, həyətlərdə odun yanacağı ilə qarşılaşırsan.

Qış ehtiyatını görənlərdən biri də kənd sakini İlham Muradovdur. Şikayətçi qeyd edib ki, odun tədürükü bir ailəyə həddindən artıq baha başa gəlir:

“3 ildi, söz verirlər, gələn il qaz çəkiləcək, lakin çəkmirlər. Bizim kəndimiz ən planlı, ən rahat kəndlərdən biridir. Odun tədarük edirik. Bu da hər ailəyə 1000-1200 manata başa gəlir. Söz verirlər amma qaz çəkmirlər. Sakinlər arasında oduna pulu olmayan, ailə büdcəsi aşağı olanlar da az deyil. Onlar isə payız gələn, havalar soyuyan kimi məcburən illərlə həyət-bacalarında, fərdi təsərrüfatlarında yetişdirdikləri müxtəlif ağacları kəsərək ondan yanacaq kimi istifadə edirlər”.


İllərdir söz verirlər...

Kənd ağsaqqalı, uzun illər Suvagil məktəbinin direktoru işləyən Cərulla Əhmədov da problemin həll olunmamış qalmasından narahatlığını ifadə edib:

“İllərdir söz verirlər, Suvagilə qaz çəkiləcək amma hələlik bir səs yoxdur. “Dəfələrlə “Azəriqaz”-a müraciət etmişik. Rayonda təşkil edilən Açıq mikrafonla çıxış eləmişəm, orada mən dərdimi demişəm. Yəni bizim kəndin nə vəziyyətdə olduğunu onlara söyləmişəm. Bu kənddə min təsərrüfat var, o təsərrüfatın hər biri bir-iki maşın odun gətirir. Odun da kəndin təlabatını ödəmir. Bu ilin əvvəlində də dedilər ki, kəndə 100 faiz qaz çəkiləcək. Amma hələlik bir söz yoxdur”.


Suvagil sakini Xədicə xanımın sözlərinə görə təkcə bu kəndin oduna verdiyi on min manatlarla pula qaz çəksəydilər, dövlət büdcəsi gəlir əldə edər və sosial fondlara xərclənərdi.


Problem nə vaxt həll olunacaq?

Sakinlərin haqlı gileyini “Azəriqaz” İstehsalat Birliyinə ünvanladıq. Qurumun nümayəndəsi Mahmud Hacıyev Bizim.Media-ya bildirib ki, Suvagil kəndinin qazlaşdırılması layihəsi 2024-cü ilin planına daxil edilib.


İnanaq ki, bu dəfə suvagillilər mavi yanacağa qovuşacaq, odun-ocaqdan, tüstü-bacadan azad olacaqlar.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin