"Əminəm ki, ABŞ 907-ci düzəlişlə bağlı öz səhvini başa düşəcək".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Zahid Oruc ABŞ-ın planını İFŞA ETDİ – “USAİD kimi inqilab yayan təşkilatlar...”
Onun sözlərinə görə, 907-ci düzəliş məhz Xocalı soyqırımından bir neçə ay sonra qəbul edilib. Lakin sonradan ABŞ terrorizmlə mübarizə çərçivəsində regionda Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğu üçün bu sənədi dayandırıb.
"Əminəm ki, ABŞ öz səhvini başa düşəcək və bu qərarın gələcəkdə yenidən geri götürüldüyünü görəcəyik. ABŞ bu gün müstəqil siyasət yürütməyə çalışan ölkələri qəbul etmir və onlara qarşı destruktiv siyasət həyata keçirir. Bunu Əfqanıstan, İraq, Türkiyə və bir çox ölkələrin nümunələrində görə bilərik", - deputat vurğulayıb.
Qeyd edək ki, noyabrın 16-da ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.
Xatırladaq ki, 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı.
Bizim.Media