“Paşinyan hələ Ermənistanın sərhədlərini bilmir” – Tofiq Zülfüqarov 

Hazırda oxunan: “Paşinyan hələ Ermənistanın sərhədlərini bilmir” – Tofiq Zülfüqarov 

165189

“Paşinyanın sülh danışıqlarından qaçmasının bir sıra səbəbləri var. Onlardan biri və ən əsası Ermənistanın öz sərhədlərini bilməməsidir. Bəzən deyirlər ki, dövlətlər öz bəlli sərhədləri ilə BMT-nin üzvü olublar. 

Bu əsaslı arqument deyil. 

Bu cür fikirlərə qarşı mən hər zaman deyirəm ki, “mənə göstərin görüm BMT-nin hansı otağında o xəritələr asılıb ki, dövlətlərin sərhədlərini bildirir?!”. Bu absurd bir fikirdir. Dövlətlər BMT üzvlüyünə əraziyə görə yox, suveren hüquqlara görə qəbul edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan sərhədlərin açılmasın təklif edir - “Sülh qovşağı” adlı VİDEO yaydı


Hər bir suveren ölkənin qonşu dövlətlərlə sərhədləri danışıqlar yolu ilə müəyyən olunur.

Məsələn, Ermənistan sabah desə ki, “ərazimin 20 faizini Azərbaycana bağışlayıram”, bunun BMT üçün heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan beynəlxalq qanunlar bizim xeyrimizədir və biz bundan istifadə eləməliyik”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

O bildirib ki, bizim bəzi politoloqlar keçmiş bolşevik rəhbəri Orcenikidzenin qərarını əllərində əsas tutaraq deyirlər ki, bizim Ermənistana qarşı torpaq iddiamız yoxdur:

“Halbuki, Paşinyan deyir ki, mən Ermənistanın konkret ərazilərini və sərhədlərini bilmirəm. İlk növbədə Paşinyan bunu dəqiqləşdirmək istəyir. Bunun üçün Paşinyan vahid və etibarlı kadastr axtarır. Bizim bəzi politoloqlarımızsa deyir ki, Ermənistanın ərazi bütövlüyü var. 

Maraqlıdır, bizim bəzi politoloqlarımızda bu əminlik hardandır? 

Axı, Ermınistanın baş naziri hazırda ən azından 4 variant üzərində baş sındırır. Məsələn, bir zamanlar Paşinyan Şuşada olarkən demişdi ki, “Artsax” Ermənistandır və nöqtə”. Yəni o zaman Paşinyan təkcə Qarabağı yox, həm də işğal altında olan digər əraziləri Ermənistanın ərazisi hesab edirdi. Bu fikrə əsaslansaq, onda Ermənistanın Azərbaycanla sərhəddi Beyləqandan başlayır. 

İkinci variant ondan ibarətdir ki, Paşinyan hakimiyyətə gələndə əlini Konstitusiyaya basıb and içmişdi. Həmin Konstitusiya da Müstəqillik haqqında Bəyannaməyə söykənir. Həmin Bəyannamədə də göstərilir ki, keçmiş DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) Ermənistanın tərkib hissəsidir. 

Üçüncü variant ondan ibarətdir ki, Paşinyan deyir ki, 1991-ci ilin sərhədləri indiki Ermənistanın sərhədləridir. Amma Paşinyan unudur ki, onun özü tərəfindən imzalanan deklorasiyada müəyyən düzəlişlər edilib. 

Bəs, bu düzəlişlər nə deməkdir?

Dördüncü variantsa ondan ibarətdir ki, Paşinyan “SSRİ-nin Baş Ştabı tərəfindən 1975-ci ildə hazırlanmış xəritə əsas olmalıdır” deyir. Hələ digər variantları yada salmıram. Yəni bu günədək Ermənistan öz ərazi bötövlüyünü və sərhədlərini dünyaya və bizə təqdim etməyib. Paşinyanın bəyanatları onun şəxsi istəkləridir. Başına “Dəmir Yumruq” dəyəndə bir şey deyir, bir az keçəndən sonra başqa şey sayıqlayır. 

Əslində, danışıqlar prosesinin uzanmasının əsas səbəbi odur ki, Paşinyan sərhədləri hansı xəritəyə əsasən müəyyən edəcəyini bilmir. Ona görə də Ermənistan çalışır ki, üçüncü dövlətlərin iştirakı ilə danışıqlar olsun. Bu danışıqlar prosesində Ermənistana sərf edəcək sərhədlər razılaşdırılsın. 

Ona görə də bizdən kiminsə “biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq” deməsi əsassız bir fikirdir. Əslində Ermənistanın öz sərhədlərindəki qərarsızlığı bizim xeyrimizədir. Biz bundan istifadə edə bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin