Britaniyalı politoloq: “ABŞ Cənubi Qafqazda təhlükəsizlik aktoru deyil” – ÖZƏL  

Hazırda oxunan: Britaniyalı politoloq: “ABŞ Cənubi Qafqazda təhlükəsizlik aktoru deyil” – ÖZƏL  

164923

“ABŞ və Qərbin xarici siyasətində çoxlu uyğunsuzluqlar var. Qərb Cənubi Qafqaza və Ukraynaya eyni yanaşmanı tətbiq etmir. Azərbaycan 30 il davam edən dinc diplomatiyanın nəticə verməməsindən sonra 2020 və 2023-cü illərdə öz suveren ərazisini hərbi yolla azad edib. BMT Nizamnaməsinə əsasən, hər bir ölkənin öz ərazi bütövlüyünü güc yolu ilə müdafiə etmək hüququ var”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın professoru, britaniyalı politoloq Taras Kuzio deyib.  

ABŞ-ın Azərbaycanın haqlı davasına laqeyd münasibət sərgilədiyinə toxunan analitik, Ağ Evin Ukrayna mövzusunda fərqli siyasət yürütdüyünə diqqət çəkib. 
“Qərb Ukraynaya 1945-ci ildən bəri ən böyük hərbi texnika ianəsini məhz onun suveren ərazilərini hərbi yolla geri qaytarmasl üçün verir. Mən başa düşə bilmirəm ki, Azərbaycan və Ukraynanın hərbi əməliyyatları arasında heç bir fərq olmadığı halda, ABŞ və Avropa necə ikili standartlar tətbiq edə bilər?!  

Bu, xüsusilə qəribədir.  

Çünki Azərbaycan Ermənistan daxilindəki hədəflərə hücum etmir, lakin Ukrayna Rusiya ərazisinə, demək olar ki, hər gün hücumlar təşkil edir. Bundan əlavə, Ukrayna Rusiyanın müxalifət qruplarını Kremlə qarşı döyüşmək üçün hərbi sursatlarla təchiz edir. Azərbaycan isə dissident erməniləri silahlandırmır”, - deyə T.Kuzio qeyd edib. 

Professor Qərbin Azərbaycanla münasibətlərdə ikiüzlü siyasət apardığına diqqət çəkib:  

“Onlar bir neçə il əvvələ qədər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini də qəbul edirdilər. Azərbaycan əraziləri 30 il işğal altında olduğu halda ABŞ niyə Ermənistana qarşı addım atmadı?  

Qərb bu məsələdə ikiüzlüdür.  

Ərazi bütövlüyü BMT nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilsə də, çox vaxt buna məhəl qoyulmur. Məsələn, heç kim Çinin Tibet üzərində nəzarətini şübhə altına almır və bununla belə, 1950-ci ildə müstəqil Tibet dövləti işğal edilib və bu, hərbi yolla baş tutub. Qərb onilliklər ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini faktiki qəbul edib və şübhə altına almayıb.  

Bu, türkofobiyanın, ABŞ və Fransadakı güclü erməni lobbilərinin təsirinin, xüsusən, 2010-cu ildən sonra ABŞ və Fransanın ATƏT-in Minsk prosesinə maraq göstərməməsinin nəticəsi idi.

Eynilə, 2014-cü ildə Qərb Ukraynaya Rusiyanın Krımdakı ordusu ilə vuruşmamağı tövsiyə etdi. İşğaldan sonra Qərb Ukraynaya Krımı unutmağı tövsiyə etdi. Həm Ukrayna Prezidenti Vladimir Zelenski, həm də Azərbaycan Prezidenti İlham Əliyev müvafiq olaraq Krım və Qarabağla bağlı Qərbin tövsiyələrinə haqlı olaraq məhəl qoymadılar”, - deyə professor bildirib. 

Analitik həmçinin qeyd edib ki, Azərbaycan ABŞ-dan asılı siyasət həyata keçirmir: 

“Şükürlər olsun ki, ABŞ-ın son addımının Azərbaycana təsiri az olacaq. ABŞ Cənubi Qafqazda əsas təhlükəsizlik aktoru deyil və onun hərəkətləri Rusiya və İranın müdaxiləsini təşviq etdiyi üçün Qərbin təhlükəsizliyinə zərər vurur. Azərbaycan hərbi texnikasının böyük hissəsini İsrail, Türkiyə və başqa yerlərdən, yəni qeyri-ABŞ mənbələrindən alır”, - deyə T.Kuzio əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin