17 noyabr Milli Dirçəliş Günüdür. 1988-ci ilin bu günündə Bakıdakı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlərə 1 milyonadək insan toplaşırdı.
Bu, SSRİ-də ən böyük kütləvi çıxışlar idi və Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.
Bəs, noyabrın 17-də dünyada nələr olub?
1. 1542-ci ilin 17 noyabrında Osmanlı padşahı Qanuni Sultan Süleyman Esterqon yürüşünə başladı. Bu yürüş zamanı Avstriya-Macarıstan İmperatorluğunun, Belqrad şəhəri və Esterqon başda olmaqla, bir çox qalaları ələ keçirildi.
2. 17 noyabr 1558-ci ildə İngiltərə kraliçası I Yelizaveta taxta çıxdı və 45 il davam edən hökmdarlığı dövründə ölkəsini müstəmləkə imperatorluğu etdi.
3. 1800-ci ilin bu günü Amerika Birləşmiş Ştatlarının konqresi (parlament) ilk dəfə olaraq öz iclasını ölkənin yeni paytaxtında – Vaşinqtonda, inşası hələ tamam başa çatmamış Kapitoliya binasında keçirdi.
4. Əsasən İngiltərə tərəfindən tikilən Süveyş kanalı 1869-cu ilin 17 noyabrında xidmətə açıldı. O zaman kanalın uzunluğu 164, dərinliyi 8 metr idi.
5. 17 noyabr 1918-ci ildə general V.Tomsonun başçılıq etdiyi ingilis qoşunları Bakıya daxil olub. 5 minlik ingilis hərbi kontingenti 1919-cu ilin avqustunadək Bakıda qalıb.
6. 17 noyabr bütün dünyada Tələbələrin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd olunur. Bu tarix 1941-ci ildə Londonda faşizmə qarşı mübarizə aparan tələbələrin görüşündə təsis edilib.
7. Camal Əbdül Nasirin başçılığı ilə Azad Zabitlər Hərəkatı 1952-ci ilin 17 noyabrında Misirin kralı I Fərruxu taxtdan çəkilməyə məcbur etdi. Sonra kral sürgünə göndərildi.
8. 1989-cu il 17 noyabrda Çexoslovakiyada "Məxməri inqilab" başladı. Hadisələr nəticəsində Çexoslovakyada kommunist hökuməti iqtidardan getməyə məcbur oldu.
9. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı olaraq qəbul edilməsi kimi tarixi qərarlar qəbul edildi.
10. 17 noyabr 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda türk dövlət və toplumlarının XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib.
11. Fransada yanacaq qiymətlərinin artması və pis iqtisadi şərtlərə reaksiya olaraq paytaxt Parisdən başlayan, daha sonra E.Makron hökumətinə qarşı nümayişlərə çevrilən “sarı jiletlilər” hərəkatı 2018-ci ilin 17 noyabrında başladı.
17 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. İlk azərbaycanlı alim-cərrah, akademik Mirəsədulla Mirqasımov 1883-cü ilin bu günü dünyaya gəlib. Azərbaycanda tibb elminin əsasını qoyanlardan biri olan M.Mirqasımov Azərbaycan Elmlər Akademiyasının da ilk rəhbəri olub. O Azərbaycan dilində cərrahlığa dair ilk dərsliyin müəllifidir. (1883-1958)
2. Azərbaycanın xalq rəssamı Lətif Kərimov 1906-cı ilin 17 noyabrında dünyaya gəlib. Azərbaycan dekorativ sənətini müasir ornamentlərlə zənginləşdirən, bu sahədə yeni motivlər yaradan rəssam 24 yaşından (1930) Azərxalça Birliyinin bədii-texniki rəhbəri olub (1906-1991).
3. Azərbaycanın görkəmli musiqi xadimi, Şərqdə musiqi ansamblının ilk qadın rəhbərlərindən biri, pianoçu-bəstəkar, alim-pedaqoq Gülarə Əliyeva 1933-cü ilin bu günü anadan olub. “Dan ulduzu” instrumental ansamblı onun təşəbübsü ilə 1967-ci ildə Azərbaycan Teleradio Verilişləri Komitəsində yaradılıb. Gülarə Əliyeva ömrünün sonunadək həmin ansamblın bədii rəhbəri olub (1933 - 1991).
4. 17 noyabr 1927-ci ildə yazıçı, Əməkdar jurnalist Əli İldırımoğlu (Məmişov: 1927 – 18.11.2020) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Közərən sətirlər”, “Qarlı gecələr” və s.
5. 17 noyabr 1954-cü ildə Əməkdar mədəniyyət işçisi Zemfira Babayeva (1954 – 20.7.2021) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında işləyib. Bakı Bələdiyyə Teatrında truppa müdiri olub.
6. 17 noyabr 1978-ci ildə Əməkdar artist Səməd Tağızadə (1907–1978) vəfat edib. Gəncə Dövlət Dram Teatrında aktyor, truppa müdiri işləyib.
7. 17 noyabr 1994-ci ildə Moskvada, İttifaqlar Evinin Sütunlu zalında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi qeyd edilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.
8. 17 noyabr 2006-ci ildə Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 – 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 17.11.2023
BİZİM TƏQVİM: 17 noyabrda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 17 noyabrda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 17 noyabrda baş vermiş tarixi hadisələr
164678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.