Azərbaycanın gənc qızlardan və oğlanlardan ibarət milli komandalarının Almaniyanın Potsdam şəhərində keçiriləcək U-23 Avropa çempionatı üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, noyabrın 17-19-da təşkil ediləcək yarışda Azərbaycan 14 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.
Oğlanların mübarizəsində Məhəmməd Musayev (60 kiloqram), Aydın Rzayev, Qasım Vəlizadə (hər ikisi 66 kiloqram), Qadir Hüseynov, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram), Məhərrəm İmamverdiyev (81 kiloqram), İsmayıl Zamanov (90 kiloqram), Ruslan Nəsirli (100 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) qüvvəsini sınayacaq.
Qızlardan isə Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Aytac Qardaşxanlı (63 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Nərmin Əmirli (78 kiloqram) və Nigar Süleymanova (+78 kiloqram) tatamiyə çıxacaqlar.
Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov yığma komandaların bu gün yekunlaşan təlim-məşq toplanışına baş çəkərək, onların hazırlıqları ilə maraqlanıb, idmançılara yarışda müvəffəqiyyətlər arzu edib.
Cüdoçular Avropa çempionatında əsas millinin böyük məşqçisi Slavko Tekiç, məşqçi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi İmamverdi Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər. Noyabrın 17-18-də fərdi, 19-da isə komanda yarışları keçiriləcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alacaq.
Bizim.Media