Bakıda fəaliyyət göstərən bir çox restoranlara, ictimai iaşə obyektlərinə tək gələn kişi müştərilərinin ya içəri keçməsinə icazə verilmir, ya da onlara müəyyən müddət üçün oturma izni verilir. Məsələn, Bakının mərkəzində yerləşən restoranlardan birində kişi müştəriyə bildirilib ki, o, içəridə sadəcə saat 7-ə kimi və ancaq arxa masada əyləşə bilər. Müştəri isə bu durumdan narazılığını bildirib.
Ümumiyyətlə, kişilərə qarşı olan diskriminasiyanın səbəbi nədir?
Psixoloq Elnur Rüstəmov Bizim.Media-ya bildirib ki, hər bir ictimai iaşə obyektinin öz konsepti və yanaşması olur:
MÖVZU İLƏ BAĞLI:
Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir?
“Lakin ümumi yanaşma belədir ki, insanların hüquq və azadlıqlarına müdaxilə olmamalıdır. Şübhəsiz ki, həm restoranlarda, həm yeməkxanalarda qoyulan qaydalara əməl edilməlidir. Bu cür konsept qoyan restoran sahibləri rəqiblərindən fərqlənmək üçün belə addım atırlar. Lakin bütün hallarda diskriminasiya istər kişilərə, istərsə də qadınlara qarşı yolverilməzdir. Belə qaydalar gərginliyə, problemlərə yol açır. Ən azından belə yanaşması olan sahibkarlar ortaya tutarlı səbəb qoymalıdırlar”.
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, burada əsas maraq daha çox müştəri cəlb etməkdir:
“Çünki bu cür qayda ilə hərəkət edən restoranlara müştərilər daha çox gəlir. Təbii ki, elə bir qanun yoxdur ki, bu barədə restoran və iaşə obyektlərinə qadağa qoyaq. Dediyim kimi, bu, sadəcə müştəri toplamaq üçün bir vasitədir”.
Nuranə Daxilqızı, Bizim.Media