“İçki və siqaretin bahalaşması keyfiyyətsiz məhsullardan istifadəni artıracaq” – AÇIQLAMA 

Hazırda oxunan: “İçki və siqaretin bahalaşması keyfiyyətsiz məhsullardan istifadəni artıracaq” – AÇIQLAMA 

164505

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8 faiz bahalaşıb. Məlumata görə, 10 ay ərzində isə spirtli içkilərin qiymətində ötən ilin eyni dövrünə nisbətən 1,4 faiz artım qeydə alınıb. Hesabat dövründə tütün məmulatlarının qiyməti isə aylıq müqayisədə 10,5 faiz artıb.

Qiymətlər daha da artacaq

Milli Məclisdə birinci oxunuşda qəbul olunan Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, aksiz dərəcəsi nazik siqaretlərin hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.

Alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün aksiz dərəcəsi 14 manatdan 16 manata qaldırılır. 

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün isə 4 manatdan 4,8 manata çatdırılır.

Görəsən, spirtli içki və siqaretlərin bahalaşması nəyi dəyişəcək? 

Bizim.Media-ya açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənovun fikrincə, spirtli içki və siqaretin bahalaşması insanların həmin mallar üzrə daha çox keyfiyyətsiz məhsulları istehlak etmələrinə gətirib çıxaracaq: 

“Siqaret və spirtli içkilərin bahalaşması hər hansı bir ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Böyük ehtimalla, son bahalaşma yeni il bazarına hazırlıq istiqamətində qəbul edilən qərardır. Ola bilsin, bazarda həmin məhsulların bahalaşması üçün müəyyən şərait var. Çünki şirkətlər qiymət artımı qərarını yalnız bir faktor əsasında vermirlər. Qiymət müəyyən edərkən şirkətlər üçün alıcılıq gücü, istehlakın səviyyəsi, bazar payı məsələsi önəmlidir. 

Yəqin ki, bunları nəzərə alaraq müəyyən qiymət artımına gedilir. Amma bu ciddi dəyişikliyə səbəb olmayacaq.

Dəyişən yalnız o olacaq ki, belə vəziyyətlərdə insanlar keyfiyyətli spirtli içki və ya tütün məhsulunu deyil, həmin məhsulların daha keyfiyyətsizini istehlak etmək məcburiyyətində qalacaqlar. Adətən qiymət artımları bu şəkildə bazarda təzahür edir. Bu isə insan sağlamlığına daha ciddi mənfi təsirlər göstərəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin