Bayram öncəsi - Gülər Mübariz yazır

Hazırda oxunan: Bayram öncəsi - Gülər Mübariz yazır

164359

1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı.

XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etmişdi. Bu, illərdir əsarətin zülmü ilə ayaqlaşan, amma göz yuma bilməyən xalq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılsa da Azərbaycan tarixində öz yerini şanlı səhifə olaraq aldı. Cərəyan edən bu hadisə milli azadlıq hərəkatı kimi qiymətləndirilidi və Azərbaycanın istiqlaliyyət qazanmasında əsas amil sayılmağa başladı. 

Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldıran gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. 

O tarixdən də-1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 

Dirçəliş Günü bayramımız Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə nəticələnən Qələbə bayramı ilə bir dövrə təsadüf etməyi də noyabr ayını bütünlükdə zəfər ayı halına gətirir. Bayram bayrama qarışır sanki; ən önəmlisi də bu bayramların məğzi eynidir,milli vətənpərvərlik ruhunda, zəfər dadında… 

Dirçəliş məfhum olaraq yenidən doğulmaq anlamına gəlmirmi? Küllərindən doğan, zülmə baş qaldıran, əsarətə boyun əyməyən xalqım. Yüz ölsək də ,min dirilərik, biz istəmədiyimiz müddətcə bizi qandala vurmaq olmaz. Hələ çox əvvəllərdən " 40 il zindanda yaşamaqdansa, bir gün azad yaşamağı” daha üstün tutmuşuq biz.
Yaşadığımızı yaşatdırmağı bildik, amma etmədik. Bacarardıq, amma bizim öz ədalət kürsümüz, vicdan məhkəməmiz var, özümüz özümüzü mühakimə edə bilirik. Zalıma qoşulub zalım olmadıq, bizim damarımızdan axan türk qanı təmizdir, insanlığa sığan və sığmayanı ayırd edə bilirik. Öncə Allaha, sonra qanuna təslim etdik, budur mənim millətimi bütün dünyadan fərqləndirən. 

Mübarizənin ən ön sıralarında olmaqdan yorulduq, artıq bizə bayram yaraşır. İkinci bahar yaşayırıq Qarabağımızla, bu eşq tükənməz. Şükür qovuşdurana… 

Dirçəlişimiz qutlu olsun, yurdumun insanları, Azərbaycanımızı daim zirvələrdə görmək diləyi ilə… 

Ekspert-yazar Gülər Mübariz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin