Neft qiymətləri ilə bağlı MÜHÜM PROQNOZ – “Qara qızıl” ucuzlaşarsa...

Hazırda oxunan: Neft qiymətləri ilə bağlı MÜHÜM PROQNOZ – “Qara qızıl” ucuzlaşarsa...

164324

Noyabrın 13-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr keçirilib. Müzakirələr zamanı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiymətinin 60 ABŞ dollar məbləğində müəyyən edildiyi barədə məlumat verib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti ilkin olaraq 50 dollardan hesablanmışdı. Amma bir sıra qlobal siyasi-iqtisadi proseslər və Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarında neftin qiymətində kəskin artımlar baş verdi.
 

MÖVZU İLƏ BAĞLI:

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu yenilədi


Bu da cari ilin dövlət büdcəsində neftin qiymətlərinə yenidən baxılmasını zəruri etdi və iyul ayında Milli Məclisdə keçirilən müzakirələrdə “qara qızıl”ın bir barelinin qiyməti 60 dollar məbləğində müəyyənləşdirildi. 

Bildirək ki, cari dövr ərzində qlobal proseslər dünya bazarında neft qiymətlərinin sabit saxlanılmasına imkan vermədi. Nəticədə “Azeri Light” (CIF) və digər neft markaları 100 dollardan da yuxarı qiymətə təklif olundu. Hazırda isə Azərbaycan neftinin orta qiyməti 87,15 dollardır. 

“Müəyyən dövrlərdə qiymətlər ya yüksələcək, ya da düşəcək”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib ki, neftin qiymətinin cari illə müqayisədə gələn il aşağı düşəcəyi proqnozlaşdırılır:

“Beynəlxalq ekspertlər və təşkilatlar bu dəyərin 75-81 dollar arasında dəyişəcəyini bildirirlər. Reallıqda isə necə olacaq, bu, artıq gələn ilin yekununda bəlli olacaq. Ancaq ümumi baxış belədir ki, ötən ildən dünya üzrə baş verən hərbi-siyasi gərginlik fonunda bu ilin sonuna qədər həm bazarın buna uyğunlaşması, həm də özünün gərginlik fazasına görə, qiymətlər azalan istiqamətdə olacaq. Bu gün aydın olur ki, risklər getdikcə azalır ki, bu da qiymətlərin formalaşmasında öz əksini tapır. Bu baxımdan da dəyər aşağı düşməlidir”. 

Ancaq qəfildən baş verən Fələstin-İsrail müharibəsinin əvvəlcədən proqnozlaşdırılmadığını söyləyən ekspertin sözlərinə görə, bunun nəticəsində neftin qiyməti 10 dollara qədər bahalaşıb:
“Bir ay sonra müəyyən qədər səngimə oldu, ötən həftə isə qiymətlər yenidən yüksəlməyə başladı. Cümə gününə qədər 79 dollara satılan “Brent” nefti həmin gün London birjasında 81 dollara qalxdı. Bu gün isə qiymətlər 78-87 dollar arasında dövr edir ki, bu qısa müddətli korreksiyalardır. Belə aydın olur ki, bu gün bazarda uzun müddətli stabillik yoxdur. Yəni, müəyyən dövrlərdə qiymətlərin ya yüksələcəyini, ya da aşağı düşəcəyini görəcəyik”. 

“Hökumətin qiyməti 60 dollardan müəyyən etməsi düzgündür”

Müsahibimizin sözlərinə görə, bazarda həm stabillik, həm də hansısa planlar qurmaq mümkün olmadığı üçün böyük hasilatçı şirkətlərin qiymətləri indiki səviyyədə saxlamasını gözləmək mümkün deyil:

“Bu baxımdan da hökumətin konservativ yanaşması, yəni qiyməti 60 dollardan müəyyən etməsi düzgün addımdır. Gələn ilin büdcəsi də istər neft qiymətləri, istərsə də kəsirləri baxımından eyni həcmdə saxlanıldı, lakin bu, daha yüksək ola bilərdi. 
Bu baxımdan da hökumət büdcə xərclərini artırsa da, kəsiri proqnozlaşdırılan qiymət hesabına bağlaya bilər. Gələn il üçün qarşıya qoyulan ən böyük hədəflər isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, həm müdafiə üçün lazım olan xərclərdir. Bir sözlə, proqnozlaşdırılan 60 dollar müqabilində nəzərdə tutulan bütün xərcləri qarşılaya biləcəyik”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin