Vəfat edən şəxsin pensiya kapitalı ailə üzvlərinə ödənilməlidirmi? – ARAŞDIRMA  

Hazırda oxunan: Vəfat edən şəxsin pensiya kapitalı ailə üzvlərinə ödənilməlidirmi? – ARAŞDIRMA  

164187

İllərlə işləyib fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalı toplanan vətəndaşlarımız bir sıra hallarda pensiya yaşına çatmadan dünyasını dəyişirlər. Bu cür şəxslərin sayı heç də az deyil.

Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2022-ci ildə 55-64 yaş aralığında ölən şəxslərin sayı 12684 nəfərdir. Yəni 12 mindən çox şəxs pensiya yaşına bir neçə il qalmış vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI:

Dörd il ərzində Azərbaycanda orta pensiya 2,5 dəfə artıb


Bu isə vəfat edən şəxslərin pensiya kapitalının ailə üzvlərinə ödənməsi məsələsini gündəmə gətirir. 

Bir çoxları ümumiyyətlə, vəfat edən şəxsin toplanan pensiya kapitalının ailə üzvlərinə verilib-verilməməsindən belə bixəbərdirlər. Lakin əksəriyyət bu sahədəki maneələrin və şərtlərin çoxluğundan, ağırlığından şikayətçidirlər.

"Problem həllini tapmalıdır"

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, pensiya fonduna yığılan kapital, vətəndaş dünyasını dəyişdiyi halda, onun ailəsinə ödənilməlidir: 

“Bu məsələni mütləq həll etmək lazımdır. Çünki bu vəsaitin hansısa formada digər insanlara şamil edilməsinin müəyyən problemləri ortaya çıxır. Bir çox ölkələrdə də bu təcrübə var. Güman edirəm ki, Milli Məclisdə aparılan büdcə müzakirələrində bu məsələlərə toxunulacaq”. 

Deputat Tahir Kərimli də vəfat edən şəxslərin pensiya kapitalının onların varislərinə verilməsi məsələsinə olduqca müsbət yanaşdığını qeyd edib:

"Bu, olduqca ədalətli yanaşmadır. Bu problem mütləq həllini tapmalıdır. Mən də Milli Məclisdə keçirilən büdcə müzakirələrində bu məsələni yenidən təklif edəcəm. Hesab edirəm ki, vəfat edən şəxslərin pensiyası onların ailələrinə köçülürsə, sosial problemlər də həllini tapmış olar. Bu həm də dünyasını dəyişən vətəndaşların ailələri üçün bir təsəlli olar”.

Belə olan halda onların pensiya fonduna yığılan kapitalı ailələrinə ödənilirmi? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov sorğumuza cavab olaraq bildirib ki, sığortaolunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun fərdi hesabında toplanan pensiya kapitalı əsasında ailə üzvlərinə aylıq pensiya təyin olunur: 

“Sığortaolunan pensiya yaşına çatanadək vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının, yəni toplanmış pensiya kapitalı müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. 18 yaşınadək övladları (əyani oxuyarlarsa 23 yaşınadək) ailə başçısını itirməyə görə pensiya alırlar.

Həmçinin 18 yaşı olmazdan əvvəl əlilliyi müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam etdikdə, onlar da bu pensiyanı almaqda davam edirlər.  

Bundan əlavə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin orqanizimin funksiyalarının 61-100 faiz pozulmasına görə (I və Il dərəcə) əlilliyi olan arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. 

Beləliklə, vəfat etmiş ailə başçısının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına hazırda 140 minə yaxın şəxs pensiya (yəni ailə başçısını itirməyə görə pensiya) ilə təmin olunur. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur. Ümumilikdə, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləği son beş ildə 2,5 dəfə artıb”. 
Açıqlamalardan da göründüyü kimi, vəfat edən şəxslərin pensiya kapitalının ailə üzvlərinə yönəldilməsi təcrübəsi mövcud olsa da, bu, prosesin şərtləri və meyarları praktikada müəyyən çətinliklərin yaranmasına səbəb olur. Meyarlar sadələşdirilib, əlçatanlıq təmin olunarsa, böyük ehtimalla, narazılıqların da sayı ciddi səviyyədə azalar.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin