Neft qiymətlərində kəskin artım proqnozları niyə ÖZÜNÜ DOĞRULTMADI? – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Neft qiymətlərində kəskin artım proqnozları niyə ÖZÜNÜ DOĞRULTMADI? – İlham Şabanın ŞƏRHİ 

164005

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa çatan bu həftənin enerjisini nə proqnozlaşdırmaq mümkün idi, nə də ölçmək. Çünki Zəfər bayramını Xankəndi şəhərimizdə qeyd etmək inanılmaz bir hadisə idi. Təkcə Azərbaycanın müstəqillik illərində ərazi bütövlüyünün bərpa edilməsinin tam və qəti qələbəsi kimi yox, həm də istər ətraf, istərsə də bir xeyli uzaq ölkələrdə yaşanan mürəkkəb iqtisadi-siyasi şəraitdə ədalətin əzmkarlığımız hesabına əldə edilməsi baxımından əhəmiyyətli idi.

Mavi yanacağımız 

Belə bir gündə Azərbaycan cəmiyyətinə hədsiz enerji gətirən bir hadisə isə Laçın rayonunda baş verdi. Noyabrın 8-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Laçın şəhəri təbii qazla təchiz edilib. İlkin mərhələdə 600 evdən 150-si qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Şaban: "Azərbaycanda təbii qaz ixracı nefti üstələyəcək" – MÜSAHİBƏ 


Bu münasibətlə şəhərdə keçirilən tədbirdə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, həmçinin şəhər sakinləri iştirak edib. Mərasimdə elan edilib ki, bununla da işğaldan azad olunan ərazilərin qazlaşdırılması işlərinə start verilir. 

"Qazlaşdırılan Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndində də işlər sürətlə davam etdirilir. Burada ilkin olaraq 200 ev mərhələli şəkildə qazla təmin ediləcək. Laçın şəhərində olduğu kimi Zabux kəndində də sakinlərlə görüş keçirilib və təbii qazın verilişi ilə əlaqədar olaraq məşəl alovlandırılıb", - deyə “Azəriqaz”dan bildirilib.
Bu hadisənin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın məcrasına düşməsi yönündə ciddi bir addım atılır. Çünki bu ərazilərin xeyli hissəsi dağlıq rayonlar olduğundan buralarda insanların stabil istiliklə təminatı xüsusilə vacib bir işdir. Qarabağ və Şərqi Zəngəzur çox çəkməz özünü elektrik enerjisi ilə tam təmin etmək imkanında olacaq, amma mavi yanacaq təminatı Xəzərin Azərbaycan sektorundan çıxarılan qaz yataqlarına bağlanaraq ölkəmizin vahid enerji sisteminin bir hissəsinə çevriləcək. Nəticədə regionun inkişafı üçün lazım olacaq enerji təminatı təmin ediləcək.

Qaz proqnozu

Qazdan söz düşmüşkən, onu qeyd etmək istərdim ki, bu həftə hökumət Azərbaycan qazının yaxın zamanlarda inkişaf perspektivlərinə dair yeni məlumatlar açıqlayıb.   

Bu həftə Buxarestdə keçirilmiş VI Rumıniya Beynəlxalq Qaz Konfransında Azərbaycan Energetika nazirinin müavini Samir Vəliyev bəyan edib ki, cari ildə ölkəmizin Avropaya qaz ixracı 12 milyard kubmetrdən çox olacaq. 

“2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac etmişdisə, 2023-cü ildə bu həcmin 12 milyard kubmetrdən çox olacağı gözlənilir. Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” yatağından tədarükün hər il 1 milyard kubmetr artırılması planlaşdırılır”, - deyə nazir müavini vurğulayıb. 

Vəliyev avropalı istehlakçılara Azərbaycanın qaz ixracının hansı mənbələr hesabına artırılacağı məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 2028-ci ilə qədər Xəzər dənizinin Azərbaycan sektorunda işlənməkdə olan yataqlarda qaz hasilatının artımı hesabına ixracı artırmaq mümükün olacaq. “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın bazara çıxarılması gözlənilir, “Azəri-Çıraq-Günəşli” neft blokunun dərin qatlarında yerləşən təbii qazın hasilatı isə qaz bazarımızda yeni bir hadisə olacaq.

“Yaşıl” enerji layihələri

Samir Vəliyev Buxarestdə Azərbaycan hökumətinin “yaşıl enerji” layihələrinə önəm verməsi məsələsinə də toxunub və bildirib ki, bu, təkcə ölkənin BMT missiyası çərçivəsində planetimizdə baş verən iqlim dəyişikliklərinin qarşısının alınması üçün 2015-ci ildə qəbul edilmiş Paris müqaviləsinə qoşularaq karbon emissiyalarının azaldılması ilə bağlı deyil. Həmçinin bərpa olunan və alternativ enerji mənbələrindən elektrik enerjisinin artırılması Azərbaycan üçün hasil etdiyi mavi yanacağın ölkədaxili bazarda istehlakının azalması deməkdir.  

Azərbaycan hökuməti “yaşıl enerji” layihələri hesabına qənaət olunacaq qazın da əlavə tədarükün mühüm mənbəyi olacağına əmindir. “2027-ci ilin sonunadək 1862 MVt gücündə külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır ki, bu da 1 milyard kubmetrdən çox qazın sərbəstləşməsi deməkdir”, - deyə nazir müavini bəyan edib.

Mühüm bəyanat

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışı zamanı  Prezident İlham Əliyev Azərbaycanın yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevrilmək niyyəti olduğunu bəyan edib.

“Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq”, - deyə dövlət başçısı bildirib. 

İlham Əliyev qeyd edib ki, bir neçə ildən sonra Qarabağda və Şərqi Zəngəzurda hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

“Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”, - deyə prezident vurğulayıb.

Büdcənin neft şirkətlərindən gözləntiləri 

Azərbaycan hökuməti 2024-cü ildə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsini həyata keçirən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmaları 1 milyard 975 milyon manat məbləğində proqnozlaşdırır. 

Qeyd edək ki, bu, 2023-cü il üçün büdcəyə həmin layihələr üzrə ödəniş proqnozlarından (4 milyard 2 milyon manat) iki dəfə azdır.

Maliyyə nazirliyi ölkənin əsas neft və qaz layihələri üzrə büdcə ödənişlərinin azalacağı ilə bağlı gözləntiləri belə izah edir: AÇG və “Şahdəniz”in səhmdarları tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin azalması iki amillə bağlıdır. Birincisi, 2024-cü ildə AÇG üzrə neft hasilatının 1,1 milyon ton (gündəlik 22 min barel) azalması gözlənilir, ikincisi, “Şahdəniz” layihəsi üzrə qazın orta ixrac qiyməti cari il üzrə gözləniləndən 46,8% az olacaq. Çünki qlobal bazarlarda mavi yanacağın qiymətinin aşağı düşməsi təxmin edilir.

Burada bir məsələni də qeyd etmək lazımdır ki, “Şahdəniz” və AÇG yataqlarının işlənməsi ilə məşğul olan neft-qaz şirkətləri 2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə faktiki olaraq 3 milyard 901,7 milyon manat mənfəət vergisi ödəyib.
Ötən ilin yekunlarına görə isə AÇG və “Şahdəniz”in səhmdarları neft və qaz qiymətlərinin qlobal bazarlarda yüksək olması fonunda dövlət büdcəsinə 5 milyard 393,9 milyon manat mənfəət vergisi (2021-ci ilin göstəricisi ilə müqayisədə +5,2 dəfə) ödəməyə nail olmuşdular.

SOCAR büdcəyə nə verəcək? 

Maliyyə nazirliyinin proqnozlarına əsasən, gələn il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) büdcəyə ödənişləri AÇG və “Şahdəniz” layihələri iştirakçılarının cəmi ödənişlərini üstələməlidir. Belə ki, SOCAR və onun törəmə müəssisələri tərəfindən 2024-cü ildə 2 milyard 408 milyon manat məbləğində dövlət büdcəsinə vergi ödənişləri nəzərdə tutulur ki, bu da 2023-cü ilin müvafiq gözləntiləri ilə müqayisədə 208 milyon manat, 2022-ci ilin icrası ilə müqayisədə isə 395,3 milyon manat çoxdur.

SOCAR üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmalar iki maddə üzrə həyata keçiriləcək: birincisi, 2 milyard manat vergi orqanlarının xətti ilə daxilolmaları, ikincisi isə, 408 milyon manat olmaqla dövlətə dividend ödənişləri hesabına.

Yəni, dövlət SOCAR-dan təkcə vergi ödəmələrinə ümid etmir, həm də 100% onun təsisçisi qismində şirkətin fəaliyyətinin optimalaşdırılması hesabına ona çatmalı olacaq qazanc məsələsini də ortaya qoyur. 

Burada bir məsələni də oxucuların diqqətinə çatdırmaq istərdim ki, xarici neft şirkətlərindən dövlətin qazancları təkcə büdcəyə ödənilən vergilərlə məhdudlaşmır. Bu, hökumətin qazancıdır. Hasilatçı xarici şirkətlərdən dövlətin qazancı isə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) gələn gəlirlərdə öz əksini tapır.

Neft Fonduna ödənişlər

2023-cü ilin yanvar-oktyabr aylarında ARDNF-a “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazın satışından 7 milyard 48,8 milyon dollar məbləğində gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 26,1% azdır. 

ARDNF-in AÇG blokundan hasil edilən mənfəət neftinin satışından əldə etdiyi gəlir 5 milyard 865,8 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% deməkdir.

Bu dövrdə ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından 1 milyard 183 milyon dollar məbləğində gəlir (azalma 2,2%) əldə edib. Fondun kondensat satışından gəlirləri 259,554 milyon dollar (azalma 21%), qaz satışından gəlirləri isə 923,446 milyon dollar (artım 4,9%) təşkil edib.

Qlobal bazarlar 

Həftəni isə neft qiymətləri ucuzlaşma ilə yekunlaşdırıb. London əmtəə birjasında həftənin ilk hərracını Brent markalı neft 85,55 dollar qiyməti ilə açdı. Həftə ərzində dünya bazarlarında neftin ən ən bahalı partiyası 1 barel üçün 86,46 dollara satılsa da, ən ucuz qiyməti noyabrın 8-də 79,20 dollarlıq qiymətlə yadda qaldı. Sonrakı günlərdə neft bir qədər bahalaşaraq cümə günü hərraclar bağlanarkən 81,45 dollara qədər bahalaşdı. Ümumən isə həftə ərzində neft qiymətlərinin 4,4% ucuzlaşmasını müşahidə etdik. Cari ilin iyul ayından bəri Brent markalı neft hələ bu qədər ucuzlaşmamışdı. 

Buna səbəb nə idi? 

Əvvəla bildirim ki, son 3 həftə ardıcıl olaraq neft qiymətləri ucuzlaşmaqda davam edir. Neft qiymətlərinin artımı oktyabrın 7-də başlamış İsrail-Fələstin müharibəsindən sonra müşahidə edilmiş və oktyabrın 20-də Brent markalı neft özünün bu dövrdəki ən yüksək həddinə - 93,79 dolara çatmışdı. Bazar iştirakçılarının ehtiyat etdiyi və qiymətləri üzü yuxarı aparan səbəb kimi isə bu münaqişənin coğrafiyasıın genişlənəcəyi və Yaxın Şərqin neft ixracatçılarının bir qisminin də buna cəlb ediləcəyi gözləntiləri idi. 

Amma bu proqnozlar özünü hələ ki, doğrultmur və istər ABŞ-dan, istərsə də Körfəz ölkələrindən verilən bəyanatlar qlobal enerji bazarlarını gözləyəcək təhlükənin maksimum sovuşdurulmasını təsdiqləyir. Yəni heç bir dövlət 1973-cü ildə yaşanan enerji böhranının təkrarlanmasını istəmədiyini yüksək tribunalardan bəyan edir. Başqa bir tərəfdən isə bazarlarda istər neftin, istərsə də qazın qıtlığı hiss edilmir. Nəticədə qiymətlər münaqişədən əvvəlki məcrasına qayıdır.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin