"Ulduz" filmində məşhur epizodun çəkildiyi ev uçmaq üzrədir.
Bizim.Media-xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Videogörüntülərdən aydın şəkildə görünür ki, həqiqətən də tarixi məkan yararsız haldadır.
Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ev şəxsi mülkdür:
“Dövlət tərəfdən qeydiyyata alınır, lakin dövlət əmlakı deyil. Yalnız yerli əhəmiyyətli abidə kimi qeydə alınıb. Ətraflı araşdırıb məlumat veriləcək”.
Qeyd edək ki, 58 il bundan əvvəl “Ulduz” filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsində gördüyümüz ləm (yay evi) XIX əsrdə inşa olunub. Orijinallığı ilə diqqəti cəlb edən bu ləm cənub bölgəsinə gələn turistlərin üz tutduğu maraqlı məkanlardan biri olub.
Xatırladaq ki, “Ulduz” filmində əsas epizodların əksəriyyəti Astaranın Ərcivan kəndində çəkilib.
Gülşanə Mustafayeva, Bizim.Media