Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Zaur oğlu Əliyev üçüncü dəfə əməliyyata girib.
Bu barədə Bizim.Media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə Aslan Əliyev bu dəfə də boynundan əməliyyat olunub. Əməliyyat 2 saatdan çox çəkib. Hadisə zamanı boyun nahiyyəsi dərin yandığından əməliyyatdan sonra yeniyetmənin vəziyyəti ağırlaşıb və qanaxma başlayıb. Hazırda uşaq reanimasiyadadır.
MÖVZU İLƏ BAĞLI:
Elektrik cərəyanı vuran məktəblinin səhhəti ilə bağlı YENİ XƏBƏR – Atasından AÇIQLAMA
Qərənfil Əliyeva qeyd edib ki, Aslan Əliyevi hələ bundan sonra daha iki ağır əməliyyat gözləyir:
“Uşağın bir qulağını da ambutasiya etdilər. Dünən isə üçüncü dəfə boynundan əməliyyat olundu. Sağlam damarı qalmayıb. Başı nə sağa, nə sola çevrilir. Bundan ağır və dəhşətli acı ola bilməz. Əməliyyatdan sonra boynundan qanaxması başlayıb. Vəziyyəti ağırdır”.
Qərənfil Əliyeva baş verən dəhştli hadisədən sonra heç bir dövlət qurumunun əməkdaşlarının uşağa baş çəkməməsindən də gileylənib:
“Uşaq 19 gündür xəstəxanadadır. Heç kim gəlib axtarmayıb. Hardadı “Azərişıq” ASC-nin əməkdaşları? Niyə bir dəfə olsun uşaqla maraqlanmırlar? Bu qədər də vicdansızlıq olmaz”, - deyə bibi şikayətlənib.
Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.
Yeniyetmə 19 gündür ki, “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.
Alçina Amilqızı, Bizim.Media