Xəbər verildiyi kimi, Hacıqabulda dəhşətli qətl hadisəsi yaşanıb. 35 yaşlı qadın qaynı oğlu tərəfindən qətlə yetirilib.
Muğan kənd sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Rəsulova qaynı oğlu, 1987-ci il təvəllüdlü Elvin Axundov tərəfindən qadının 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə öldürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir.
Bizim.Media baş verən olayın təfərrüatlarını araşdırıb. Hacıqabul rayonu Muğan kənd bələdiyyə sədri Nemət Babayev saytımıza açıqlamasında qadının iki dəfə ailə qurduğunu və problemsiz olduğunu söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Hacıqabulda dəhşətli qətl - Kişi qadın qohumunu bıçaqladı
Hadisənin konkret hansı səbəbdən baş verdiyindən xəbərsiz olan bələdiyyə sədri qətli törədən Elvin Axundov barədə danışmaq belə istəməyib:
“Dərinliyini polis əməkdaşları bilər. Mən bildiyim qədər hadisə qısqanclıq zəminində baş verib. Qadının ailəsi normaldır. İkinci həyat yoldaşı Bəhramdır və bizim kənd sakinidir. Oğlan bir az... Nə bilim... Allah işini avand eləsin...”, -deyə bələdiyyə sədri qətli törədən Elvin Axundovu belə xarakterizə edib.
Muğan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Faiq Nəzərov Fəxriyyə Rəsulovanın təxminən 17-18 ildir ki, Sabirabad rayonundan Hacıqabulun Muğan kəndinə gəlin köçdüyünü deyib:
“Qadın başqa rayondan gəlin gəlib. Bundan əvvəl ailəsi olub-olmadığını bilmirəm. Sakit, normal qadın kimi tanıyıram. O gəlindən bu günə qədər nəsə eşitməmişəm. Yoldaşı rəhmətə gedib, 3 övladı və böyük oğlunun 16 yaşı var".
"Elvin Axundov da evlidir və 2 övladı var. Övladının biri anadangəlmə əlildir. Dələduzluğu filan yoxdur, amma nəyə görə qətli törədib bilmirəm. Hadisə dünən axşam olub. Biz isə bu gün səhər xəbər tutduq”.
Qeyd edək ki, faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media