Partiya sədrlərinin Zəfər Günü TƏƏSSÜRATLARI

Hazırda oxunan: Partiya sədrlərinin Zəfər Günü TƏƏSSÜRATLARI

163320

Qarşıdan Azərbaycan xalqının ən möhtəşəm bayramı olan Zəfər Günü bayramı gəlir. Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda apardığı 44 günlük müharibə nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. 

Noyabrın 8-də isə 28 illik işğaldan sonra sonra Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Şuşa şəhəri işğaldan azad edilir. 

Bir sıra siyasi partiyalar Zəfər Günü ilə bağlı Bizim.Media-ya öz təəssüratlarını bölüşdülər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan XİN-dən Zəfər Günü ilə bağlı BƏYANAT 


“Hərbi paradın Xankəndidə keçirilməsi də qürurverici hadisədir”

AMİP sədri Arzuxan Əlizadə bildirir ki, bu ilki Zəfər Gününü on qat artıq qürur hissilə keçiririk: 

“Zəfər Gününün 3-cü ili tamam olur. İkinci Qarabağ savaşından keçən üç il ərzində Azərbaycan addım-addım hədəfə doğru irəliləyib. 44 günlük savaşla işğal altındakı ərazilərimizin əhəmiyyətli hissəsi işğaldan azad edildi. 19-20 sentyabrdakı antiterror əməliyyatı nəticəsində isə yerdə qalan digər ərazilərimiz də tam olaraq Azərbaycanın nəzarətinə keçdi. 

Artıq Azərbaycanın üçrəngli şanlı bayrağı bütün ərazilərimizdə dalğalanır. Azərbaycanın suverenliyi, Konstitusiya quruluşu bərpa olunub. Ona görə də builki Zəfər Gününü on qat artıq qürur hissilə keçiririk. Çünki müstəqillik əldə etdiyimiz dövrdən bu günə ilk dəfədir ki, Azərbaycan bütün əraziləri boyu suverenliyini bərpa edib. Hərbi paradın Xankəndidə keçirilməsi də qürurverici hadisədir. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq. Bu münasibətlə qəhrəman əsgərlərimizə də xüsusi minnətdarlıq düşür”. 

“Dünya erməniliyi Azərbaycan qarşısında ağ bayraq qaldırdı”

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edir ki, 8 noyabr xalqımızın tarixinə qızıl hərflərlə həkk olunan təkrarsız uğurdur:

“Sabah erməni faşizmi üzərində qəhrəman Silahlı Qüvvələrimizin qələbə çalmasının 3-cü il dönümünü böyük məmuniyyətlə qeyd etməyə hazırlaşırıq. Bu tarixi gün həm də ona görə əlamətdardır ki, keçən üç il zaman kəsiyində Müzəffər Ali Baş Komandan ərazi bütövlüyü və suverenliyimizin təmin olunması üçün geniş miqyaslı fəaliyyət ortaya qoyaraq, istədiyinə nail oldu. Nəticədə dünya erməniliyi və onun arxasında duran qüvvələr Azərbaycan dövlətinin gücü və qüdrəti qarşısında ağ bayraq qaldırmalı oldu. 

Bu tarixi zəfərdir və xalqımızın tarixinə qızıl hərflərlə həkk olunan təkrarsız uğurdur. Qələbə Azərbaycanı yeni bir inkişaf mərhələsinə qaldırdı. Azərbaycan artıq dünyada qalib gələn dövlət və xalqdır. Ölkəmizin dünya miqyasında nüfuzu daha da gücləndi. Regionda yeni reallıq yarandı, hansı ki, bu reallıq Azərbaycanın razılığı olmadan hər hansı bir dəyişikliyin mümkünsüzlüyünü ortaya qoydu. 
Əminəm ki, yaxın zamanda ermənilər Azərbaycanla sülh sazişi də bağlayacaq. Ona qədər müharibə olmadan Azərbaycanın 8 kəndi də ölkəmizə qaytarılacaq. Zəngəzur dəhlizinin açılmasına doğru da konkret addımlar atılacaq. Bütün bunlar Azərbaycanın son 17 ildə ölkə Prezidenti tərəfindən həyata keçirilən uğurlu siyasətin dəmir məntiqinə söykənir”. 

“Zəfər Günü tariximizin ən şanlı səhifəsidir”

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirir ki, heç zaman Xankəndinə bu dərəcədə sahib olmamışdıq:

“Zəfər Günü tariximizin ən şanlı səhifəsidir. Tariximizdə belə gün olmayıb. Hətta müstəqillik elan edəndə onu yarımçıq, hansısa ərazilərimizin sıxıntısı içərisində qeyd etmişik. Zəfər Günü bizim üçün bir həyat dəyişimidir. Bu dəyişim də dövlətin, xalqın taleyində ən böyük hadisədir. 

Ona görə də Zəfər Günü tarixi gün, ən dəyərli gündür. Heç zaman biz bu dərəcədə Xankəndinə sahib olmamışdıq. Ağdərə, Əsgəran üzərində nəzarətimiz bu dərəcədə birmənalı şəkildə olmamışdı. Sevindirici günün Azərbaycan üçün dəyəri böyükdür. İllər keçdikcə bu günə daha çox qiymət verməli olacağıq”. 

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə qeyd edir ki, Azərbaycan öz torpaqlarını azad edib və bu torpaqlarda da əbədi yaşayacağıq:

“Dünyada minlərlə xalq, millət var, 200-dən çox dövlət var. O dövlət və xalqların hamısı istəyirdi ki, bu gün Azərbaycan xalqının yaşadığı hissləri onlar da yaşasınlar. Bu möhtəşəm hissdir, Zəfər sevincidir.

Sabah Zəfər Gününü ilk dəfə olaraq, həm də bütün ərazimizdə suverenliyimizi bərpa edən ölkə kimi qeyd edəcəyik. Sabah Ali Baş Komandan bayrağımız dalğalanan Xankəndidə hərbi paradı qəbul edəcək. 
Azərbaycan öz torpaqlarını azad edib və bu torpaqlarda da əbədi yaşayacağıq. Ermənistan və onun havadarlarının, Azərbaycanı yaratdığı yeni geopolitik vəziyyəti qəbul etmək istəməyənlərin arzuları gözlərində qalacaq. Bunun ardınca daha böyük güc və qüvvətlə Qarabağda yeni-yeni açılışların, yeni bina və infrastruktur layihələrinin tikintisinin daha tez-tez şahidi olacağıq”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin