Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insana qarşı amansız qətliam həyata keçirib. Bundan başqa erməni vandalları müsəlman ziyarətgahlarını yandırıb.
Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
MÖVZU İLƏ BAĞLI:
Dini konfessiyalar 31 mart soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı amansızca qətlə yetiriblər.
Qubada isə öldürülənlərin sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə öldürüblər.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet hakimiyyəti bu hadisəni unutdurmağa çalışsa da, müstəqillik dövründə azərbaycanlıların yaşadıqları bu faciə yenidən anılıb.
1998-ci il martın 26-da uluöndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bizim.Media