“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” (RMİD) İctimai Birliyinin sədri Xəyalə Mütəllimovanın Bizim.Media-ya müsahibəsini təqdim edirik:
- RMİD İB yaranması hansı zərurətdən meydana gəldi? Nəyə görə bu ideyanı reallaşdırmaq üçün təşkilat olaraq İctimai Birlik təşkilati-hüquqi formasını seçdiniz?
- İndi kimdən soruşsan reklam nədir, hamı küçədə gördüyü lövhə və monitorları və ya televiziyada yayımlanın video çarxları, radioda hər gün eşitdikləri audio elanları ya da sosial şəbəkələrdə qarşılarına çıxan və sonadək baxmağa səbrləri çatmadığı fraqmentləri nümunə kimi göstərə bilər. Amma bir çox insanın təsəvvürü belə yoxdur ki, gördükləri, seyr etdikləri və ya eşitdikləri bu, format etibarilə kiçik, amma ‘’iqtisadiyyatın mühərriki’’ rolunu oynayan audio-vizual ‘’məhsullar’’ necə yaranır, onları kimlər yaradır, hansı ölkələrdə hazırlanır, hansı məqsədlərə xidmət edir.
Bəzən də ‘’reklam məhsulunun’’ istehlakçısı olan insanımız, ölkəmizdə hazırlanan reklam-marketinq məhsullarının məzmun və keyfiyyətindən narazı qalaraq, onları yüz illərlə reklam-marketinq ənənələri formalaşmış, ciddi araşdırmalar nəticəsində bu sahənin elmini yaradan və professionallarını yetişdirən ölkələrdəki reklam nümunələri ilə müqayisə edərək, ölkəmizdəki reklam sektorunu bəyənmirlər.
Uzun illərdir reklam və marketinq işlərində çalışdığımdan, ölkəmizdə reklamçıların nailiyyətləri və problemlərini müşahidə edib öyrənirdim. Bu böyük sənayenin dünyadakı qlobal nailiyyətlərini, potensialını özüm üçün tam araşdırdıqdan sonra anladım ki, Azərbaycanda reklam və marketinq sahəsində görüləcək çox iş var. Bir şirkət və ya bir fərd olaraq həmin işləri ölkəmizdə həyata keçirmək mümkün deyil. Necə deyərlər-tək əldən səs çıxmaz! Bunun üçün sektordakı həmfikirləri, şirkətləri, professionalları bir araya gətirmək lazımdır.
Yalnız sektorun maraqlarına xidmət edən və bu işdə hər hansı maddi maraq güdməyən, inkişafına yönəlmiş ideyaları həyata keçirmək üçün münasib platforma olan, dünyada fəaliyyət göstərən təşkilatlarla beynəlxalq əməkdaşlığa nail olmaqda ən uyğun təşkilati-hüquqi forma ictimai birlikdir. Az öncə dediklərimdən yola çıxaraq ‘’Reklam və Marketinqin İnkişafına Dəstək’’ (RMİD) İctimai Birliyini təsis etdik.
- İctimai birliklər çoxdur. Sizin fəaliyyət sahənizə aid birliklər də ölkəmizdə fəaliyyət göstərməkdədir. RMİD-in digərlərindən fərqi hansılardır?
- Adı var, özü yox və yaxud, adı var, amma ortalığa çıxaracaq işi yox! Yəqin ki, siz bu tip birlikləri nəzərdə tuturdunuz. Bu sıradan olan bir qrup təşkilat mövcuddur, bəli! Digər qrup təşkilatlar da var ki, bir neçə üzvün və ya təsisçinin maraqları üzərində qurulublar. Hardansa qrant, kiçik maliyyə yardımı əldə edərək, bir-iki ‘’tədbir’’ keçirərək öz ‘’missiyalarını’’ tamamlamış olduqlarını düşünürlər.
RMİD-ı fərqləndirən ən başlıca amil – İctimai Birlikdə birləşən üzvlərin sektorda real iş görən, heç bir yardıma ehtiyacı olmayan, əksinə, lazım gəldikdə özü yardım etmək iqtidarında olan, amma inkişaf etmək, dünyada reklam və marketinq sektorunda əldə edilmiş nailiyyətləri ölkəmizdə tətbiq etmək istəyi ilə yola çıxan və bu işdə konkret hədəfləri olan, hədəflərə çatmaq üçün isə düşünülmüş, ardıcıl fəaliyyət planı işləyib hazırlayan şirkətlərin və fərdlərin bir araya gəlməsidir.
Amma bu o demək deyil ki, biz təkbaşına, maraq dairəmizə yaxın mövcud digər birliklərdən təcrid olunmuş şəkildə fəaliyyət göstərməyi planlaşdırırıq. Əsla! Biz artıq fəaliyyət sahəmizlə bu və ya digər formada uzlaşan, əməkdaşlığa açıq olan və ortaq maraqlar naminə birgə fəaliyyət göstərmək istəyən ictimai birliklərlə görüşlərə başlamışıq. Ümid edirəm ki, güc və imkanların bir araya gəlməsi hamının maraqlarına xidmət edəcəkdir.
- RMİD yaxın bir il ərzində hansı işləri həyata keçirməyi bir məqsəd kimi qarşısına qoyub?
- Necə deyərlər, əvvəl evin içi, sonra çölü! RMİD-in fəaliyyətinin ilkin mərhələsi təşkilatlanma mərhələsidir. Üzv olmaq istəyən şirkət və fərdi sahibkarlarla görüşlər keçirmək, müzakirələr aparmaq, bir tərəfdən yeni təşkilat üzvlərini sıralarımıza qəbul etmək, digər tərəfdən də həyata keçirilməsini nəzərdə tutduğumuz işlərlə əlaqədar onların fikir və mülahizələrini öyrənmək. Bu hal-hazırda gündəlik gördüyümüz işlər sırasında birincidir. Bununla yanaşı, sektorda gənc nəslin nümayəndələrinin professionallıq baxımından daha yaxşı tədris imkanları əldə etməsi üçün elmi ədəbiyyatın tərcüməsi və yayılması ilkin iş planlarımız sırasındadır.
Mən heç də əbəs yerə təhsil və tədris məsələlərini önə çəkmədim. Baxın, bir reklam materialının ərsəyə gəlməsi, sonradan həmin materialın son istifadəçiyə çatdırılması zəncirində nə qədər müxtəlif peşə sahibləri iştirak edir. Kreativ ideya müəllifləri, mətn yazarları, rəssamlar, dizaynerlər, mətbəələr, audio-vizual reklam istehsalında prodüserlər, rejissorlar, operatorlar, bəstəkarlar, montajçılar, səs yazma mütəxəssisləri və s. Prosesin davamında reklam şirkətlərinin araşdırma, planlama, satınalma mütəxəssisləri… Görürsünüz nə qədər geniş əhatəli bir sektordan danışırıq. Demək, həm indi, həm də gələcəkdə görəcəyimiz, mən deyərdim ki, daim görəcəyimiz işlər sırasında birinci yerdə savadlı, professional mütəxəssislərin hazırlanmasına dəstək olacağıq.
Qarşıdakı bir ayda beynəlxalq əməkdaşlığa başlamaq üçün ilkin addımlar atılacaq. İlk səfərimiz Türkiyəyə olacaq. Bu ölkənin reklam-marketinq sektorunun böyük hissəsini bir araya gətirərək ortaq məqsədlərə yönəlmiş təqdirəlayiq işlər görən ictimai birliklərlə görüşlərimiz nəzərdə tutulur. Eyni zamanda, beynəlxalq təşkilatlarla da ilkin mərhələdə əməkdaşlığın perspektivləri xüsusi qrupumuz tərəfindən araşdırılır. İnanıram ki, RMİD-in həm ölkəmizin daxilində, həm də beynəlxalq əməkdaşlıq müstəvisindəki fəaliyyəti Azərbaycanda həyata keçirilən sürətli, böyük miqyaslı quruculuq və hərtərəfli milli inkişaf işinə öz töhfəsini verəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:30 / 02.11.2023
Reklam sektorunda ÇATIŞMAZLIQLAR – “Bu sahədəki birliklər imkanlarını birləşdirməlidirlər” – MÜSAHİBƏ
Hazırda oxunan: Reklam sektorunda ÇATIŞMAZLIQLAR – “Bu sahədəki birliklər imkanlarını birləşdirməlidirlər” – MÜSAHİBƏ
Hazırda oxunan: Reklam sektorunda ÇATIŞMAZLIQLAR – “Bu sahədəki birliklər imkanlarını birləşdirməlidirlər” – MÜSAHİBƏ
162567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.