Səhiyyə Nazirliyindən mövsümi virusla bağlı əhaliyə ÇAĞIRIŞ 

Hazırda oxunan: Səhiyyə Nazirliyindən mövsümi virusla bağlı əhaliyə ÇAĞIRIŞ 

162457

“Viruslar ən çox qapalı, insanların çox olduğu mühitlərdə yayılır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov qurumun rəsmi “Instagram” səhifəsindəki növbəti canlı yayımda uşaqların mövsümi virusdan qorunması haqqında danışarkən deyib. 

O bildirib ki, tədrisin başlaması ilə havaların soyuması eyni vaxta düşdüyü üçün qeyd edilən mühitlərdə yoluxma halları artır: 

“Tez-tez burun tutulması, burunaxması, boğazın qıcıqlanması, ağrıması virusa yoluxmanın ilkin əlamətlərindəndir. Bu, orqanizmin müdafiə funksiyasıdır. Orqanizm selikli qişanı təmizləmək üçün öskürmə, qıcıqlanma ilə büruzə verir. Bütün viruslar qızdırma vermir. Rinovirusa yoluxan şəxslərdə temperaturun yüksəlməsi olmur. Lakin qripə yoluxma zamanı bütün orqanizm reaksiya ilə cavab verir. Bu baxımdan qrip rinovirusdan daha ağırdır”. 

Həkim virusa yoluxmadan qorunmaq üçün gigiyena qaydalarına əməl etməyin əhəmiyyətini vurğulayıb:

“Virusa yoluxmadan qorunmaq üçün əsas şərt gigiyenadırsa, digər şərt də otaqların havalandırılmasıdır. Bəzən qapı-pəncərəni bərk-bərk bağlayırlar ki, soyuq olmasın. Lakin bu, yolverilməzdir. Havanı nəmli saxlamaq lazımdır”. 

Həkim həmçinin, qeyd edib ki, uşaqları soyuğa öyrəşdirmək lazımdır:

“İnsan təbiətlə nə qədər çox əlaqədə olsa, immuniteti o qədər çox inkişaf edəcək. Elə buna görə də kənd uşaqları daha sağlam olur, gec xəstələnirlər, şəhər uşaqları isə daha tez-tez xəstələnirlər”. 

Həkimin sözlərinə görə, 4-5 yaşa qədər uşaqların il ərzində 10-12 dəfə xəstələnməsi normal haldır:

“4-5 yaşdan sonra uşaqlarda virusa qarşı orqanizmin müdafiəsi zəifləyir. Buna görə 4-5 yaşda uşaqları bağçada saxlamaq düzgün deyil. Çünki onlarda immun sistemi formalaşmadığına görə, məktəbə getdikləri zaman daha tez-tez xəstələnəcəklər. Unutmamalıyıq ki, immunitet mühitdə formalaşır”. 

Həkim bildirib ki, xəstə uşaq ağırlaşmış halda deyilsə, qorxulu infeksiyaya yoluxmayıbsa, o zaman bağçaya, məktəbə getməsini məhdudlaşdırmağa ehtiyac yoxdur. 

Uzun müddət davam edən öskürəkdən danışan həkim deyib ki, ölkəmizdə bununla bağlı valideynlərin ciddi narahatlığı olsa da, öskürəyə görə panikaya düşməyə ehtiyac yoxdur: 

“Əgər öskürək uşağın fəaliyyətinə mane olmursa, digər xəstəliklərə xarakterik formada deyilsə, qorxmaq lazım deyil. Öskürək 3-4 həftədən artıq davam etdiyi zaman səbəbini araşdırmağa ehtiyac var”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin