20 günə kökəldən təhlükəli dərman hələ də SATIŞDADIR – AQTA isə 3 həftədir SƏSSİZDİR... 

Hazırda oxunan: 20 günə kökəldən təhlükəli dərman hələ də SATIŞDADIR – AQTA isə 3 həftədir SƏSSİZDİR... 

162423

Azərbaycana qeyri-qanuni idxal olunan və dövlət qeydiyyatından keçməyən dərman, eləcə də qida əlavələrinin daxil olduğunu xəbər vermişdik. Həmçinin dövlət qeydiyyatından və ekspertizasından keçməyən təhlükəli tərkibli məhsulların sosial şəbəkələrdə kütləvi satışının həyata keçirildiyini bildirmişdik. 

Mənşəyi bəlli olmayan təhlükə...

Söhbət “İnstagram” platformasında “elen cosmetics” adlı səhifənin qeyri-qanuni satışa çıxardığı məhsullardan, konkret isə Azərbaycan bazarında populyarlıq qazanan və çəki artırmaq üçün nəzərdə tutulan “Samyun Wan” məhsulundan gedir. Sözügedən səhifənin kütləvi şəkildə satdıqları qeyri-qanuni idxal olunan dərman və qida əlavələrinin çoxu hormonal, yan və zərərli təsirlərə malikdir. 
 

MÖVZU İLƏ BAĞLI:

20 günə kökəldən TƏHLÜKƏ – Qeydiyyatdan keçməyən dərman ölkəyə necə DAXİL OLUR? – FOTOFAKT


Tərkibində “jenşen” olduğu bildirilən “Samyun Wan” nəinki Azərbaycanda, dünyada heç bir dövlətin reyestrində rəsmi şəkildə qeydiyyata alınmayıb. Bundan əlavə qablaşdırma üzərində göstərilmiş istehsalçı nə İndoneziyada, nə də ki Çində var. Yəni, məhsulun konkret mənşəyi məlum deyil. 

Qablaşdırma heç bir inkişaf etmiş ölkənin QOST-larına (dövlət standartları) uyğun deyil. Saxlama şərtlərinin, ştrix-kodların, normativ sənədlərin və bu məhsula görə cavabdeh olan təşkilatlara istinadların olmaması aydın şəkildə göstərir ki, bu qaçaqmalçılıqla gətirilmiş, nədən hazırlandığı məlum olmayan saxta bir məhsuldur. 
Qeyd edilən məhsulun effektiv olduğu və 20 gün ərzində nə az, nə çox 8 kq çəki artımı zəmanəti verilir. Bu məhsulun ölkəyə gətirilməsi ilə bağlı nə TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”ndən rəy, nə Qida Təhlükəsizliyi Agentliyindən sertifikat, nə də ki başqa bir rəsmi sənəd mövcuddur. Bir sözlə, məhsulun ölkədə satışına icazə ilə bağlı Azərbaycanın heç bir dövlət orqanı tərəfindən rəsmi sənəd verilməyib. 

Tərkibində gizli komponentlər olan məhsul həddindən artıq zərərlidir. Xüsusilə hormonal və deksometazon tərkibli dərman potensial təhlükə mənbəyidir. Hansı ki, deksometazon yalnız ağır və kritik xəstələrə tətbiq edilir.  

“Dərman” ölkəyə necə gətirilir?

Məsələni iki həftə əvvəl ictimailəşdirməyimizə baxmayaraq aidiyyəti qurumlardan hələ də səs yoxdur. Dövlət qeydiyyatından və ekspertizasından keçməyən bu cür məhsulların ölkəyə necə daxil olması, satışa buraxılması isə ictimaiyyətə hələ də müəmmalı olaraq qalır. 

Baxmayaraq ki, Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov sorğumuza cavab olaraq bildirmişdi ki, ölkə ərazisinə kommersiya məqsədləri üçün gətirilən bioloji fəallığa malik qida əlavələrinin gömrük rəsmiləşdirilməsi aidiyyəti dövlət qurumlarının icazə sənədi əsasında həyata keçirilir:

“Həmin icazə sənədi ilə təmin olunan malların ölkə ərazisinə idxalına icazə verilir. Bioloji fəallığa malik qida əlavələri fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirildikdə isə hər hansı icazə sənədi tələb olunmur”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə üç həftədən çoxdur ki, sorğumuzu görməzdən gəlir. Baxmayaraq ki, quruma bu barədə bir neçə dəfə xatırlatma edilib. 

Görünən odur ki, dövlət qurumları kommersiya məqsədləri üçün gətirilən təhlükəli dərman və ya qida əlavələrinin qanunsuz dövriyyəsinə, kütləvi satışına göz yumurlar...

Bu məsələdə şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilən məhsullardan söhbət getmir ki, icazə sənədi tələb olunmasın. Söhbət hansısa şirkətdən və ya şəxslərdən gedir ki, onlar qanunsuz dövriyyə ilə məşğuldurlar və bu fəaliyyət üçün Gömrük Komitəsinin icazə sənədi olmalıdır. 
Bu sənəd olmadığına görə səhifə sahibi cəzalandırılmalı, insan sağlamlığına təhlükə yaradan bu məhsulların isə ölkəyə daxil olmasına və satışına məhdudiyyət qoyulmalıdır. 

Qeyd edək ki, bu hal Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə məsuliyyət yaradır.

Qeyd edək ki, “elen cosmetics” adlı səhifə başqa çeşidli dərman və qida əlavələrinin satışı ilə də məşğuldur. 

Onu da bildirək ki, dərman vasitələrinin dövlət qeydiyyatı, təkrar qeydiyyatdan keçirilməsi və qeydiyyat dosyesində olan dəyişikliklərin qeydiyyatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. Ekspertizanın keçirilmə qaydaları Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixli 502 nömrəli qərarı ilə tənzimlənir.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin