Azərbaycanın ilk ödənişli avtomobil yolundan REPORTAJ - FOTO

Hazırda oxunan: Azərbaycanın ilk ödənişli avtomobil yolundan REPORTAJ - FOTO

162396

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu on gündən çoxdur istifadəyə verilib. Artıq ödənişli avtomobil yolunda ödəmə məntəqələrinin yerləri və qiymət cədvəli də açıqlanıb.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri ödəniş qaydaları, qiymətlər və sürücülərin diqqət etməli olduğu məqamları araşdırmaq üçün yeni açılan yolun yolçusu olub. 

Hazırlanan reportajı təqdim edirik:

"Yola minik avtomobili ilə Şabran rayonu ərazisindəki Gəndob ödəmə məntəqəsindən daxil oluruq. Xaçmaz ödəmə məntəqəsinə qədər olan 25 kilometr məsafə üçün 2 manat 33 qəpik lazımdır. Hazırda məntəqələrdə yalnız POS-terminal vasitəsilə nağdsız qaydada ödəniş etmək mümkündür.
Məntəqədəki operator bildirdi ki, tezliklə ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, həmçinin şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxtaşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.

Ödənişi etdikdən sonra operatorun təqdim etdiyi çekləri götürüb Xaçmaza istiqamət alırıq. Yolda hələ ki, sürət həddini bildirən yol nişanları və radarlar quraşdırılmayıb. Azərbaycanda avtomagistrallarda maksimum sürət həddinin 110 km/saat olduğunu nəzərə alıb bu göstəricini aşmırıq.

Amma təəssüf ki, bəzi sürücülər yeni yolda sürəti 180-200 km/saata qədər artırır. Hələ bu azmış kimi, həmin anın videosunu çəkib sosial şəbəkələrdə paylaşanlar da var. Həmin sürücülər unudur ki, vacib olan mənzil başına tez yox, sağ-salamat çatmaqdır.

Ödənişli yoldan istifadə edənlər yola çıxmazdan qabaq avtomobillərinin sazlığını, yanacaq ehtiyatını yoxlamalıdır. Çünki yeni yolda hələlik yanacaqdoldurma və təmir məntəqələri fəaliyyət göstərmir. Əgər maşınınız yolda xarab olsa, köməyə çağırılan evakuatorun xidmət haqqı ilə yanaşı, yola görə ödənişini də siz verməli olacaqsınız.

Hazırda yoldan daha çox yük avtomobilləri istifadə edir. Həftəsonları isə yolda minik avtomobillərinin sayı da çoxalır. Şimal bölgəsinə istirahətə gələnlər yeni yola üstünlük verirlər.

Ödənişli yola Gəndobdan (Şabran) Xaçmaza 15 dəqiqəyə gəldik. Köhnə yolla bu yaşayış məntəqələri arasındakı məsafəni adətən 30 dəqiqəyə qət edirdik. Yanacağı dəqiq bilməsək də, vaxtımıza iki dəfə qənaət etmiş olduq.

Xaçmaz ödəmə məntəqəsinə çatıb ödəniş çeklərimizi təqdim edirik. Operator çekdə göstərilən məntəqədə yoldan çıxış etdiyimizi yoxlayıb, bizə “yaxşı yol” arzulayır.

Məntəqədə ödənişli yola girən və çıxan sürücülərin də fikirlərini öyrənirik.

“İlk dəfə dünən bu yolla Bakıdan gəlmişəm. İndi geri qayıdıram. Yol hamar və boşdur. Tıxac yoxdur. Çox rahatdır. Amma yolda çox sürətli sürmək də lazım deyil. “Tələsən təndirə düşər” deyiblər. Qiymətlər də normaldır”, - deyə sürücü Anton Polikarpov söyləyib.

Sürücü Valeh Əlimərdanov yeni yola başlanğıc nöqtəsindəki Yeni Yaşma ödəmə məntəqəsindən daxil olaraq Xaçmaza qədər gəlib: “Maşınımın maksimal sürəti 120-130 kmsaat olub. Yolu 50 dəqiqəyə gəlib çatdım. Çox rahatdır. Amma hələ ki, yolda avtomobili saxlayıb dincəlmək üçün yer yoxdur. Çox yaxşı müasir yoldur. Çox sağ olsunlar ki, belə bir yol inşa ediblər”.

“Mən hər gün Xudatdan Xaçmaza və əksinə yeni yolla gəlirəm. Çox rahatdır. 2 manat 23 qəpik ödəniş edirəm. Rahatlıq hər şeyə dəyər”, - deyə digər sürücü Eldar Məmmədov söyləyir.

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsi 129 kilometrdir".












Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin