Prezident Pakistan Quru Qoşunları komandanını QƏBUL ETDİ - VİDEO

Hazırda oxunan: Prezident Pakistan Quru Qoşunları komandanını QƏBUL ETDİ - VİDEO

162394

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib. 

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib. 
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. 

Dövlət başçısı torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirib. 

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxunub. 

Dövlət başçısı beynəlxalq səviyyədə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunaraq, Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd edib. 

Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. 

Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd edib.

Qonaq Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğulayıb. 

Asim Munir Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin