Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bir neçə gün əvvəl açıqlamasında, təmsil etdiyi qurumun yaxın zamanda rəqəmsal manatın tətbiqi ilə bağlı qərar vermədiyini bildirib.
Fərid Osmanov, beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı təhlillərin aparıldığını, lakin onun tətbiqinə tələsmədiklərini qeyd edib:
“Çünki təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə qərarlı deyil”.
MÖVZU İLƏ BAĞLI:
2024-cü ildə 2 milyard manata yaxın vəsait dövlət borcunun ödənilməsinə yönəldiləcək
Artıq dünyanın bir çox ölkələrdə bu valyutlara keçidin başladığı bir dövrdə Azərbaycanda bu prosesin gecikməsi nə ilə bağlıdır?
Bizim.Media-nın bu və digər suallarını cavablandıran kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev, bəzi dövlətlərin hələ də bu valyutaya keçmədiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, hələ bu sahədə araşdırmalar və tədqiqatlar davam edir:
“Hökumət bu istiqamətdə iş aparmaq üçün Rusiya ilə Türkiyənin apardını tədqiqatların nəticələrini gözləyir. Ona görə ki, hər iki dövlət öz milli valyutalarının rəqəmsallaşması ilə bağlı araşdırmalar aparırlar. Buna görə də heç bir qanunvericilik aktı qəbul etmirlər. Əgər hansısa qərar qəbul etsələr, biz də onların təcrübəsinə əsaslanaraq, rəqəmsal manatla bağlı standartlar yaradacağıq.
Yalnız Çində rəqəmsal yuan tətbiq olunur və hələlik test rejimindədir. Artıq bəzi sahələrdə çalışan işçilərə əməkhaqlarını bu valyuta ilə ödəyirlər. Hətta taksi şirkətləri ödənişləri bununla qəbul etməyə başlayıblar. Onlara müəyyən kəşbeklər verirlər ki, işlərini inkişaf etdirə bilsinlər”.
Müsahibimiz, hələ 2021-ci ildə AMB-nin keçmiş sədri Elman Rüstəmovun bununla bağlı açıqlama verdiyini xatırladıb:
“3-4 ay əvvəl isə Fərid Osmanov, rəqəmsal manatla bağlı konsepsiyanın hazırlandığını bildirdi. Ancaq bu söyləntilər müzakirələr səviyyəsindədir və konkret olaraq texniki iş yoxdur. Bundaş başqa, kriptovalyutanın hazırlanması üçün kifayət qədər maliyyə vəsatinə ehtiyac var. Ona görə ki, prosesə həm xarici ekspertlər cəlb olunmalı, həm də hökumət özünü psixoloji cəhətdən hazırlamalıdır.
Əgər hökumətimiz də manatın rəqəmsallaşmasının ölkə iqtisadiyyatı əhəmiyyətli olduğunu görsə, bu istiqamətdə iş aparmağa başlayacaq.
Ancaq hələlik bununla bağlı hər hansı resursumuz və vəsaitimiz yoxdur. Hətta Mərkəzi Bankda rəqəmsal valyuta ilə bağlı ayrıca bir qurum və ya şöbə yaradılmayıb”.
Rövşən Ziya, Bizim.Media