Balakəndə 3 min tələ hansı təhlükəyə qarşı ASILIB? – REPORTAJ/FOTO 

Hazırda oxunan: Balakəndə 3 min tələ hansı təhlükəyə qarşı ASILIB? – REPORTAJ/FOTO 

161766

Balakəndə 3 min ədəd tələ asılıb. Söhbət Balakən və Zaqatala rayonlarında yayılan qəhvəyi mərmər bağacığı böcəyinə qarşı mübarizə tədbirlərindən gedir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən ildən başlayaraq Şimal-Qərb bölgəsində əsasən də Balakən və Zaqatala rayonlarında qəhvəyi mərmər bağacığının yayılması halları müşahidə edilir. 

İlkin araşdırmalara görə, həmin bağacığın kütləvi axını qonşu ölkədən olduğundan Balakəndə müvafiq idarə və təşkilatların iştirakı ilə xüsusi qərərgah yaradılıb. Yaz-yay aylarında fındıq və meyvə ağaclarına zərər vuran bağacıqlar qışlama üçün evlərdə və ona yaxın tikililərdə də müşahidə edilir.  

Bağacığın tipik xüsusiyyəti 

Aparılan araşdırmalar göstərir ki, bu böcəklər respublika ərazisinə Gürcüstandan keçib. Daha çox Balakən və Zaqatala rayonları ərazisində yayılıb. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Qəhvəyi mərmər bağacıq efir yağı tərkibli toksid maddə buraxır.

Bağacığı əllə-mexaniki məhv etməyə vaxt çatmır. Bu böcəklərin ən çox müşahidə edildiyi ərazilərdən biri Balakən rayonudur. Rayonun əksər kənd və qəsəbələrində bağacığa rast gəlmək olar. 

Bununla əlaqədar sakinlər mütəmadi maarifləndirilir, lazım gələndə texniki tədbirlər həyata keçirilir.

Hazırda bağacıqların qışlama dövrü olduğundan onların daha çox evlərə eləcə də yaxınlıqdakı tikililərə sığındığı müşahidə edilir. 

Kortala kənd sakini Həmid İsmayılov bağacıqları mexaniki üsulla (əllə-red.) məhv edə bilmədiyindən bitki mühafizə mərkəzinə müraciət edib. Kənd sakininin sözlərinə görə, yaz aylarından həyət-bacanı bağacıqlar basıb. İndi isə daha çox yarımtikili və alaçıqlarda gizlənirlər. Ailə üzvləri bir neçə gün vaxt sərf etsələr də bağacıqları məhv edə bilmədikləri üçün, bitki mühafizə mərkəzinə müraciət etmək məcburiyyətində qalıblar.  

Sərhəd kəndində də bağacıqlar çoxalır

Tinəçiyevlər ailəsi rayonun Gürcüstanla sərhəd kəndində - Arılıqbinədə yaşayır. Ailə üzvləri deyir ki, yaz-yay aylarında bağacıqlar meyvə ağacları və fındıqlarda müşahidə edilirdisə havalar soyuyandan sonra yaxınlıqdakı tikililərdə gizlənir, evlərə yol tapırlar.

Ailənin xanımı Ulduz Tinəçiyeva deyir ki, sentyabr ayının ortalarından bu böcəklərin sayı olduqca çoxalıb: 

“Hava isti olanda ümumiyyətlə çox olur, sərin olanda isə müxtəlif yerlərdə gizlənirlər. Nə qədər təmizləsək də bunun qarşısını ala bilmirik, hər gün çoxalır” deyən Ulduz xanım böcəklərin havalar soyuyandan evlərə də yol tapdıqlarını qeyd edirlər. Bağacıqların məskunlaşması və köç prosesini xüsusi tələlər vasitəsi ilə müəyyən edirlər. 

Regional bitki mühafizə mərkəzinin rəisi Turac Səfərli bu böcəklərə qarşı mübarizə tədbirlərindən danışıb: 

“Havalar soyuyandan, payızın ilk günlərindən başlayaraq biz daha çox monitoriqlərimizi evlərdə, ictimai iaşə obyektlərində, kənd təsərrüfatlı təyinatlı obyektlərdə, sahibsiz tikililərdə həyata keçiririk” deyən Mərkəzin rəhbəri bildirir ki, bağacıqlar belə havalarda istifadə olunmayan əşyalar, mebellər, yataq dəstlərinin içərisində qışlamağa daha çox meyillidirlər. 

Turac Səfərli onu da diqqətə çatdırıb ki, həmin ərazilərdə kütləvi aşkarlanma olduqda yayayış yerindən kənar lokal olaraq kimyəvi mübarizə tədbirlərini həyata keçirirlər. Həmsöhbətimiz bu günə kimi Balakən rayon ərazisində ümumilikdə 3 minə yaxın tələ asıldığını bildirir.  

Maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir

Qeyd edək ki, bölgələrdə qəhvəyi mərmər bağacığı ilə bağlı müşahidələr davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki regional idarəsinin əməkdaşları Balakən və Zaqatala rayonlarında kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə tədbirləri həyata keçirirlər.

Eyni zamanda yerli sakinlər maarifləndirilir, zərərverici haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılır. 
















Tural Rasim oğlu, Bizim.Media, Şimal Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin