“Ünvanlı sosial yardımla bağlı sənədlərin hər il yenilənməsi vətəndaşlara əziyyət verir” – DEPUTAT 

Hazırda oxunan: “Ünvanlı sosial yardımla bağlı sənədlərin hər il yenilənməsi vətəndaşlara əziyyət verir” – DEPUTAT 

161583

Azərbaycanda aztəminatlı ailələrə bir il müddətində ünvanlı sosial yardım verilir. Ünvanlı sosial yardımla bağlı sənədlərin hər il yenilənməsi narahatlıq doğurur. Sosial yardım alan, bir il tamam olmamış isə yenidən sənədlərinin yenilənməsi üçün aidiyyəti qurumlara yönləndirilən vətəndaşların süründürülməsi ciddi etirazlara səbəb olub.

Qeyd edək ki, 2006-cı ildən tətbiq edilən ünvanlı sosial yardımın verilməsi qaydalarına 2020-ci ildə dəyişikliklər edilib. Dəyişikliyə görə, yardımın verilməsi müddəti azaldılıb. Belə ki, əvvəllər ünvanlı sosial yardım iki il müddətinə verilirdisə, indi cəmi bir il müddətinə verilir. Bir ilin tamamında ailə eyni prosesləri təkrar edib, sənədləri hazırlamalıdır.

Redaksiyamıza müraciət edən vətəndaşların bildirdiyinə görə sənədlərin yenilənməsi üçün müraciət etdikləri ünvanlardan onlara müxtəlif bəhanələr gətirilir, yaxud da heç bir səbəb olmadığı halda yardımın verilməsindən imtina edilir. Müraciətlər onlayn qaydada aparılsa da, nəticə etibarilə öncədən lazım olan sənədlərin yığılması vaxt aparır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Bizim.Media-ya bildirib ki, bu, qanunvericiliyin tələbidir.

Millət vəkili Fazil Mustafa isə bu qaydanın insanlar üçün narahatlıq yaratdığını deyib:

“Bu, minimum əmək haqqı ilə bağlı vəziyyətin dəyişməsi, büdcə gəlirlərinin hansı formada artımı ilə bağlıdır. Ona görə də ilbəil dəyişməsi rəqəmlərdə baş verən dəyişikliklərlə bağlıdır. Amma tələblərin tez-tez dəyişməsi zərərlidir. O ailələrin hər dəfə bürokratik qaydalarla hansısa prosesə cəlb olunması arzuolunan deyil. Bu, vətəndaşlara əziyyət verir.

Üstəlik, yoxlamaların tez-tez keçirilməsi və insanların sənəd tərtib edib yenidən müraciət etməsi ciddi narahatlıq yaradır. Fikrimcə, bu, mütləq dəyişməlidir, müddət məsələsi qoyulmalıdır. Çünki elə xəstəliklər, elə əlillik dərəcəsi var ki, onun hər hansı şəkildə 3 ildən sonra belə dəyişməsi mümkün görünmür və bunlar nəzərə alınmalıdır”.

Günel, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin