Aprelin 5-dən SMS icazəyə münasibət – “Əsas işimiz karantin qaydalarını sərtləşdirməkdir”

Hazırda oxunan: Aprelin 5-dən SMS icazəyə münasibət – “Əsas işimiz karantin qaydalarını sərtləşdirməkdir”

16139

Koronavirusla bağlı vəziyyət bu dəfə daha gərginləşib. Azərbaycanda gündəlik yoluxma təxminən 2000-ə, ölüm sayı isə 30-a yaxınlaşıb. Aktiv xəstə sayı 16 mini ötüb. Azərbaycanda peyvəndlənənlər isə yarım milyonu keçib.

Yəni ölkədə hələ də kollektiv immunitet formalaşmayıb. Ölkənin epidemioloji durmunun kritikləşməsi səlahiyyətlilərlə yanaşı, sıravi insanları da narahat etməyə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərə SMS-icazə tətbiq edilə bilər – Adil Qeybulla - VİDEO


Artıq sosial şəbəkələrdə və ictimaiyyətdə karantin rejiminin yenidən sərtləşəcəyi ilə bağlı məlumatlar dolaşır. Hətta bununla bağlı qeyri-rəsmi tarix də müəyyənləşdirilib. İddialara görə aprelin 5-dən yenidən sərt karantin tədbirlərinə və müəyyən qapanmalara gedirik.

SMS icazə sisteminin tətbiqi, kafe, restoran, gözəllik salonları və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılacağı da deyilir.  

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin sərtləşəcəyi barədə rəsmi mövqeyi yoxdur. Bəzi deputatlar  yenidən qapanmaların tətbiq olunmasının əleyhinə olsalar da, müstəqil həkim və infeksionistlər sərt karantinə gedilməsini vacib sayırlar. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında sərt karantinin qaçılmaz olduğunu deyib:
 

“Bu gün əsas işimiz karantin qaydalarını yenidən sərtləşdirmək, təmasları azaltmaq və vaksinləri intensivləşdirməkdir.


Epidemioloji durum pisləşərsə, daha sərt karantin tədbirləri görülə bilər. Bu, əslində təmasların azaldılmasına yönəldilən bir aktdır. Vaksinasiyanın uğurlu və intensiv aparılması da şərtdir. Mümkün qədər əhali immunizasiya olunmalıdır. Bu səviyyə 70-75 faizə çatarsa, artıq kollektiv immunitetin formalaşmasından söhbət gedə bilər”. 

Virusun daim mutasiyaya uğradığını xatırladan professor müəyyən 200-dən çox mutasiyaya uğramış ştammların olduğunu deyib:
 

“Bunların bəziləri kifayət qədər zəif, bəziləri aqressiv, yoluxduruculuq potensialı yüksəkdir. Xəstəliyin ayrı-ayrı insanlarda müxtəlif cür getməsinin bir səbəbi də budur.


Bu gün bütün Avropada epidemioloji durumun pisləşməsi qeyd edilir. Artıq üçüncü dalğanın başlaması haqda raport verilib. Nəzərə almaq lazımdır ki, bütün ölkələrdə mutasiyaya uğramış variantlarla bağlı geniş tədqiqatlar aparılmır. Çox güman ki, başqa-başqa ölkələrdə mutasiyalara uğramış müxtəlif növlər var. Bu baxımdan epidemiyanın bu şəkildə tüğyan etməsi təbiidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin