Erməni nazir Azərbaycanla nəqliyyat əlaqələrinə yaşıl işıq yandırdı – Reallıq, yoxsa İKİLİ SİYASƏT?

Hazırda oxunan: Erməni nazir Azərbaycanla nəqliyyat əlaqələrinə yaşıl işıq yandırdı – Reallıq, yoxsa İKİLİ SİYASƏT?

161281

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda “3+3” formatında keçirilən görüşdə Azərbaycanla nəqliyyat məsələlərinə toxunub.

“Ermənistan dəmir yolu infrastrukturlarının, o cümlədən onların tikintisi və ya yenidən işə salınması yolu ilə inteqrasiya prosesinə xüsusi önəm verir. Ermənistan Azərbaycan ərazisindən İran, Rusiya və Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsinin olmasında maraqlıdır”, - deyə nazir bildirib.

Bəs görəsən, Ermənistan Azərbaycanla nəqliyyat əlaqələrinin qurulmasında həqiqətən, maraqlıdırmı, yoxsa ikili siyasət yürüdür?

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair birgə BƏYANAT qəbul olunub


Sabiq xarici işlər naziri, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Ermənistan sözügedən məsələdə maraqlıdır: 

“Buna heç bir şübhə olmasın. Azərbaycanın mövqeyi bu məsələdə bəllidir. Əvvəlcə Zəngəzur dəhlizi işlək vəziyyətə gətirilməlidir. Daha sonra Azərbaycan ərazisindən keçən yollar barəsində danışmaq olar”.

Politoloq İlqar Vəlizadə isə düşünür ki, Ermənistan siyasi manipulyasiya ilə məşğuldur: 

“Ermənistan nəqliyyat məsələlərinə maraqlı idisə, çoxdan konstruktiv danışıqlara başlamalıydı. Bu günə qədər orada heç bir iş görülməyib. Heç olmasa, ilkin layihələndirmə işlərini reallaşdıra bilərdilər. Daha sonra plan üzrə müəyyən addımlar atmaq olardı. Biz bu günə qədər heç birini görmədik. 

Digər tərəfdən, bu məsələdə Ermənistanın mövqeyi siyasi amillərlə şərtləndirilir. Bu amillər bizim üçün qəbuledilməzdir. Ermənistan yüklərin, sərnişinlərin yoxlanılması ilə bağlı xüsusi rejim tətbiq etmək istəyir. Bu isə yolverilməzdir. Çünki Üçtərəfli Bəyanata əsasən,  sərnişinlərin və yüklərin gediş-gəlişi maneəsiz olmalıdır. 
Biz başa düşürük ki, Ermənistan tərəfindən keçən nəqliyyat yolu var və müəyyən tariflər tətbiq edilə bilər. Amma onlar ümumi qaydada həyata keçirilməlidir. Biz konstruktiv və əməli işlərin aparılmasında maraqlıyıq. Azərbaycan öz üzərinə düşən məsuliyyətin 80 faizini görüb, geriyə Ermənistanın tamamlaması qalır”.

Məhərrəm Əliyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin