Azərbaycanda restoran qiymətlərinə nəzarət edən QURUM YARADILACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda restoran qiymətlərinə nəzarət edən QURUM YARADILACAQ? – AÇIQLAMA 

161160

Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, rostaranların və iaşə obyektlərində göstərilən qiymətlərin yüksək olması ilə müzakirələr aparılıb. 

Assosiasiyalar olsa...

Dünyanın hər yerində restoranların qiymətlərinin formalaşdırılması üçün assosiasiyaların olduğunu söyləyən komitənin sədri Tahir Mirkişili, ölkəmizdə də qiymət formalaşdıran bir qurumun olmasının vacibliyini diqqətə çatdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir? 


"Bizdə restoran qiymətləri necə formalaşır? Ölkəmizdə dünyada olduğu kimi assosiasiyalar yoxdur. Restoran qiymətlərini onlar tənzimləməlidir. Dövlət bütün bu qiymətləri tənzimləyə bilməz. Ona görə də müəyyən sahələrdə qiymətlərin tənzimlənməsi üçün palatalar yaradılmalıdır. Bu palatalara müəyyən səlahiyyətlər verə bilərik. Bundan sonra onlar müəyyən sahələrdə qiymətlərin tənzimlənmələrinə nəzarət edə bilərlər", - deyə o qeyd edib.

“Təklif istehlakçı hüquqlarının qorunmasına xidmət etməlidir”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisad elmləri doktoru, professor Elşad Məmmədov, deputatın fikrini dəstəklədiyini bildirib. 

Belə bir ictimai təşkilatın yaradılmasının yaxşı bir təşəbbüs olduğunu söyləyən müsahibimiz, amma burada bir nüansın olduğunu diqqətə çatdırıb:

“Burada görünən hədəf və ortaya qoyulacaq missiya müsbət olsa da, bunun hansı müstəvidə nəticələr doğuracağı olacaq, bəlli deyil. Əgər iri inhisarçılar və restoran sahibləri özləri üçün yeni təşkilat quracaqlarsa, o zaman bunun heç bir əhəmiyyəti olmayacaq. Bu gün ölkəmizdə ictimai qurumların nəzarət funksiyası dedikdə, bəzi oliqarxların və ya məmurların bir yerə toplanması, özləri üçün yeni bir platformanın yaradılması və onun üzərindən öz imkanlarını bir daha genişləndirməsi başa düşülür.

Bu təklif bütün hallarda istehlakçıların hüquqlarının qorunmasına, qiymətlərin süni şəkildə şişirdilməməsinə və rəqabət mühitinin formalaşmasına xidmət etməli və biznes subyektləri ilə istehlakçılar arasında bir körpü olmalıdır”. 

E.Məmmədov düşünür ki, əgər bu təşkilatlarda da qiymət artıran insanlar təmsil olunacaqsa, bunun heç bir əhəmiyyəti olmayacaq:

“Üstəlik, imkanları bir az da genişlənəcək və öz mənfəətlərini artırmaq üçün əllərindən gələni edəcəklər”. 

Bəs, bu assosasiasiyaların yaradılması üçün hüquqi baza mövcuddurmu?

Professor, bu istiqamətdə hansısa ictimai nəzarət qurumunun yaradılması üçün normativ bazanın olduğunu diqqətə çatdırıb:

“Əsas məsələ, həmin qurumlar yaradıldıqdan sonra mövcud qanunvericiliyin təsir imkanlarının hansı dərəcədə olması ilə bağlıdır. Əgər qanunvericilikdə onların bazarlarda müdaxilə imkanlarının tənzimlənməsi ilə əlaqədar funksiyaları düzgün təsbit olunarsa, bu, çox yaxşı olacaq. 

Eyni zamanda belə təşkilatlara müstəqil ekspertlər, mütəxəssislər, nüfuzlu ictimai xadimlərın təmsil olunması daha doğru olar. Məhz bu məsələ qanunda təsbir edilməlidir ki, qurulacaq mexanizmin təsir dairəsi olsun”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin