Bitmək bilməyən SÖKÜNTÜ MÜBAHİSƏLƏRİ – Tikinti şirkətləri, yoxsa ev sahibləri HAQLIDIR?

Hazırda oxunan: Bitmək bilməyən SÖKÜNTÜ MÜBAHİSƏLƏRİ – Tikinti şirkətləri, yoxsa ev sahibləri HAQLIDIR?

161118

Tikinti şirkətləri ilə evi sökülən vətəndaşlar arasında olan mübahisə və münaqişələrin sayı ilbəil artır. Problemlər əsasən həyət evlərinin söküntüsü zamanı baş verir. Beləki, tikinti şirkəti vətəndaşa söküntü zamanı ancaq reyestrdən çıxarış və texniki pasportda göstərilən kvadratmetrə görə ödəniş edir. 

Lakin vətəndaşlar bir qayda olaraq bununla razılaşmırlar. 

Belə ki, istənilən həyət evində hansısa qanunsuz artırma və istifadədə olan boş sahələr olur. Bu sahələrdən vətəndaş müxtəlif məqsədlərlə - qaraj, yay eyvanı və digər təyinatlar üzrə istifadə edir. Bununla da vətəndaş şəhərin mərkəzində özü üçün kifayət qədər komfortlu şəraitdə yaşayır. 
 

MÖVZU İLƏ BAĞLI:

2024-cü ilin büdcəsində tikinti xərcləri niyə azaldılıb? - AÇIQLAMA


Lakin tikinti şirkəti boş sahələrə və əlavə tikintilərə görə vətəndaşa vəsait ödəmək istəmir. Bunu da onunla əsaslandırır ki, tələb olunan sahələr dövlət qurumları tərəfindən qeydiyyata alınmayıb. Çox təəssüf ki, mübahisə hüquqi müstəviyə çıxanda da tikinti şirkəti haqlı çıxır. 

Bu da vətəndaş narazılığına səbəb olur. Ona görə də əksər tikinti şirkətləri Alatava, Montin, Papanin, Kubinka, “Dvatsatıy” (20-ci sahə) kimi ərazilərdə hündürmərtəbəli binalar tikməkdən yayınırlar. 

Nə qədər ki, sənədləşdirmə aparılmayıb...

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda Abşeron yarımadasında 500 minə yaxın sənədsiz evlər var:

“Sənədsiz evlər siyahısına paytaxtımızın mərkəzindəki Alatava, Papanin və digər yaşayış massivləri də daxildir. Nə qədər ki, bu massivlərin dislokasiyası çıxarılmayıb və sənədləşdirilməyib, bir o qədər də mübahisələr davam edəcək. 

Nəzərə alaq ki, Nazirlər Kabinetinin 2016-cı il tarixli 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddəti başa çatmış və qəzalı çoxmənzilli yaşayış binalarının, eləcə də fərdi həyət evlərinin olduğu massivlərinin söküntüsünə başlanılıb. Bu günə qədər kifayət qədər qəzalı binalar və fərdi mənzilli yaşayış massivlərinin yerində yeni binalar inşa edilib. Hal-hazırda da bu proses pilot layihələr üzərindən davam edir.

Amma söküntü-tikinti prosesi heç də rəvan getmir. Vətəndaşlarla tikinti şirkətləri arasında tez-tez mübahisələr olur. Binalar və fərdi həyət evləri sökülən zaman vətəndaşlara yeni mənzil hazır olana qədər aylıq kirayə haqqı və köçmək haqqı ödənilir. Razılaşma əsasən iki cür olur: şirkət vətəndaşa ya yeni tikiləcək binada əvvəlki mənzilinin sahəsindən 20 faiz artıq mənzil verir, ya da ki, alqı-satqı əməliyyatı həyata keçirilir”.

Elnur Fərzəliyev onu da qeyd edib ki, söküntü zamanı bəzi hallarda vətəndaşlar, bəzi hallarda şirkət haqlı olur:

“Bəzi vətəndaşlar tikinti şirkətindən daha böyük sahəli mənzil və yaxud daha yüksək məbləğdə pul tələb edir. Belə vəziyyətdə şirkət vətəndaşla razılığa gəlmir. Şirkətlərsə daha çox həyət evlərinin alqı-satqısı zaman haqsız olurlar. Şirkətlər adətən reyesterdən çıxarışı olan sahə üzrə ödəniş etmək istəyir. 

Belə vəziyyətdə isə çox zaman vətəndaş haqlı olur. Çünki vətəndaş uzun illər şəhərin mərkəzində özü üçün yaratdığı normal şəraitli mənzildə yaşayır. Ona görə də istəyir ki, şirkət ona qaraj və həyətindəki boş sahəyə görə də vəsait versin”.

Ekspert mübahisələrin sonlandırılması üçün təkliflə də çıxış edib:

“Bu cür mübahisələrin olmaması üçün yaxşı olar ki, müvafiq dövlət qurumları prosesdə iştirak etsinlər. Onda mübahisələr daha az olar. Həm vətəndaş razı qalar, həm də tikinti şirkəti. Ən əsası vətəndaşla tikinti şirkəti arasında etimad yaranar. Amma nə qədər ki, Şəhərsalma və Arxitektura Komitəsi bu məsələyə müdaxilə etməyib, bir o qədər də mübahisələr davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin