“Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparıb. Yaxın Şərqdən olan erməni əsilli şəxslər işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılıb. Bunların hər biri müharibə cinayətləri kimi təsnif edilməlidir”.
Bizim.Media- nın məlumatına görə bunu Prezidentin köməkçisi Hikmət Hacıyev söyləyib.
O qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mineral yataqlar qanunsuz istismar olunaraq digər məqsədlər üçün xərclənib:
“Qanunsuz iqtisadi əməllər nəticəsində əldə olunan maliyyə vəsaitlərinin digər ölkələrin bank sistemlərinə daşınması da həyata keçirilib. İşğal olunmuş ərazilərin turizm məqsədi ilə istifadəsi də ayrıca cinayət əməli kimi nəzərdən keçirilməlidir”.
H. Hacıyev nəzərə çatdırıb ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındaki çıxışında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmaya toxunub:
“Avropa İnsan Hüquqları Məhkəməsi və digər instansiyalara müraciət edilərək müvafiq addımlar atılacaq. Cinayət əməllərində iştirakla bağlı Ermənistan rəhbərliyində olan insanlar məsuliyyət daşıyır. Azərbaycan məsuliyyət daşıyan şəxslərə qarşı fərdi məsuliyyət tədbirlərini davam etdirəcək. Eyni zamanda beynəlxalq platformalarda da bunun qiymətinin verilməsi üçün addımlar atılacaq. Hər bir fakt üzrə Azərbaycanda konkret cinayət işi açlıır”.
Bizim.Media