Regionlardakı hava limanları icarəyə VERİLƏCƏK? – AÇIQLAMA 

Hazırda oxunan: Regionlardakı hava limanları icarəyə VERİLƏCƏK? – AÇIQLAMA 

160738

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı regionlardakı hava limanlarının icarəyə verilməsi təklifi səsləndirilib.

Təklifi səsləndirən deputat Rüfət Quliyev, dünyada hava limanlarının çoxunun icarəyə verildiyini diqqətə çatdırıb.

Regionlarda yüksək standartlara uyğun aeroportların tikildiyini söyləyən deputat, bu məsələdə problemin olduğunu da diqqətə çatdırıb: 

“Bu da ondan ibarətdir ki, aeroportlarda gündə 1-2 reys olsa, toy-bayramdır. Bu aeroportlar tenderə buraxılmalıdır. Bununla yüzlərlə iş yeri açılacaq. Bu günə qədər aeroportların işinə görə büdcədən vəsait ayrılırsa, bu, problemdir. Dünyada 55% aeroport icarədədir. Türkiyədə, Gürcüstanda bir çox aeroportlar icarədədir”.
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatala aeroportunun fəaliyyətsizliyi ilə bağlı AZAL-dan AÇIQLAMA


Bu təklifin reallaşması nə dərəcədə mümkündür? 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan deputat Aydın Hüseynov, bu məsələnin mövcud qanunvericilik əsasında tənzimlənməsinin vacib olduğunu bildirib.

Hazırda “Aviasiya haqqında” Qanun layihəsinin müzakirə olunduğunu söyləyən deputat qeyd edib ki, sənəd qüvvəyə mindikdən sonra aviasiya uçuşları və digər məsələlərin icrası daha da genişlənəcək:

“Eyni zamanda,hava nəqliyyatının həm effektivliyi, həm idarəolunması, həm gəlirli sahəyə çevrilməsi, həm də vətəndaşlarımızı məmnun edəcək bir sistemin yaradılması baxımından əhəmiyyəti daha da artacaq. Bu qanunun qəbulundan və icrasından çox şey asılıdır”. 

Bu, rentabellik baxımından nə dərəcədə əhəmiyyətli olacaq?

Müsahibimiz bildirib ki, yerüstü nəqliyyat xətti ilə aviasiya xətlərini eyniləşdirmək olmaz:

“Bu məsələdə hava məkanından istifadə, təhlükəsizliyin təmin olumasi ilə bağlı bir çox məsələnin həlli yolları var. Bu təklifin həyata keçməsi nəzəri cəhətdən mümkündür. Paktiki cəhətdən də effektiv olması üçün yeni layihəmizin qəbulunu və tətbiqini gözləməliyik”. 

İqtisadçı-ekspert Natiq Cəfərli, ölkəmizdə boş qalan hava limanlarının icarəyə verilməsi ilə bağlı təkliflərin uzun müddətdir ki, səsləndirildiyini diqqətə çatdırıb:

“Biz də dəfələrlə bununla bağlı geniş şəkildə müzakirələr aparmışıq. Ölkədə 5 və ya 6 hava limanı olsa da, yalnız biri işləyir ki, bu da Heydər Əliyev adına Hava Limanıdır. Digərləri isə hələ də boş və istifadəsizdir ki, bu əlavə yükə və xərcə çevrilir. İstənilən halda bu limanların saxlanılmasına, enerji və əmək haqları, təhlükəsizlik və digər məsələlərlə bağlı xeyli vəsait xərclənilir. Görünən isə ondan ibarətdir ki, Lənkaranda, Qəbələdə, Zaqatalada, Gəncədə, yeni açılışı olan Füzuli, hazırda inşası davam edən Laçın və Zəngilan hava limanlarını boş qalmamaları üçün ilə icarəyə vermək mümkündür”. 

Bunun yerli və xarici şirkətlərə icarəyə verilməsinin də mümkün olduğunu söyləyən ekspertin sözlərinə, bu təcrübə dünyada geniş tətbiq olunur: 

“Hətta Gürcüstanın Kutaisi hava limanının icarəyə verilməsi ilə bağlı artıq bir qərar var. Hava limanlarının icarəyə verilməsi və xarici şirkətlərin gəlməsi istənilən halda həm Azərbaycan, həm də region üçün mühüm dəyişikliyə və regionların inkişafına səbəb ola bilər”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin