Qubaya gedən pullu yoldan istifadə NECƏ TƏNZİMLƏNƏCƏK? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Qubaya gedən pullu yoldan istifadə NECƏ TƏNZİMLƏNƏCƏK? – RƏSMİ AÇIQLAMA 

160542

Xəbər verdiyimiz kimi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni inşa edilmiş hissəsi pullu olacaq. Artıq Tarif Şurası hər kilometrə görə qiymətləri də müəyyən edib. Tarif Şurasının qərarı sabahdan qüvvəyə minəcək.

Bəs, adı çəkilən magistralda pilot layinənin icrası üçün zəruri işlər yekunlaşıbmı?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda Tarif Şurasının qərarının icrası istiqamətində işlər aparılır:

“Magistral yolun H. Z. Tağıyev qəsəbəsindən başlayan hissəsindən Rusiya dövlət sərhəddinə qədər hissə pullu olacaq. Bu yoldan istifadə etmək istəyən sürücülər əvvəlcə müvafiq kartlar əldə etməlidirlər. Bu kartları paytaxtın müxtəlif ünvanlarındakı satış məntəqələrindən və magistral yolun giriş-çıxışlarındakı məntəqələrdən əldə etmək olacaq.

Hazırda bu sistemin ümumi sistemə inteqrasiyası və kartların hazırlanması istiqamətində işlər gedir. Sürcü yola daxil olarkən elektron qaydada qeydiyyata düşəcək. Çıxış nöqtəsinə görə müvafiq vəsait sürücünün aldığı kartdakı balansından tutulacaq”.
Anar Nəcəfli onu da əlavə edib ki, bu yolda giriş-çıxış nöqtələri ilə yanaşı, sürücülərə yol boyu əlavə 4 yerdə də giriş-çıxış imkanları veriləcək:

“Başlanğıcını H. Z. Tağıyev qəsəbəsindən götürən yolda sürücülər 23-cü km-də Giləzidən, 53-cü km-də Siyəzəndən, 85-ci km-də Gəndobdan, 107-ci km-də isə Xaçmazdan giriş və ya çıxış edə biləcəklər. Onlar avtomobillərinə və getdikləri məsafəyə uyğun ödəniş edəcəklər”.

Sürət həddi necə tənzimlənəcək?

“Hazırda yolda vahid sürətlə bağlı müvafiq qurumlarla müzakirələr aparılır. Bəzi sosial şəbəkələrdə xəbər paylaşırlar ki, yolda radar və sürət həddi olmayacaq. Bu səhv məlumatdır. Sürətin yuxarı həddi müəyyən ediləcək. Amma bu yoldakı sürət həddi digər magistral yollardakı sürət həddindən bir qədər fərqli olacaq”.

Qeyd edək ki, Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolunun ümumi uzunluğu 150 km-dir. Həmin yolun 129 km-lik hissəsinin ödənişli olması nəzərdə tutulur.

Surxay Atakişiyev,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin