Göyçay rayonunun Hacıağabəyli kəndində qaz xəttinin açılışı olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, cari ildə rayon ərazisində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, qaz xəttlərində sızmaların aradan qaldırılması şəhər və kənd yaşayış məntəqələrinin təbii qazla normal təzyiqlə təchizatı istiqamətində müəyyən tədbirlər görülüb.
Oktyabrın 18-də rayon icra hakimiyyəti başçısı Natiq Ağayevin iştirakı ilə Hacıağabəyli kəndində qaz xəttinin açılışı olub.
Rayonun idarə və müəssisə rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi açılış mərasimində çıxış edənlər ölkəmizdə, eləcə də rayonda həyata keçirilmiş layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülmüş işlərdən söhbət açıblar.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi rəisi Qurban Mehdiyev çıxış edərək, kənd sakinlərini təbii qaz xətti çəkilişi münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib.
Bildirib ki, hazırda rayon əhalisinin 99%-dən çoxu təbii qazdan istifadə edir. Kənd sakinləri göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Bizim.Media, Aran bürosu