Şərqi Anadolunun GİRİŞ QAPISI – Qızıla bürünən körpü və Üzən adaların SİRRİ – REPORTAJ/FOTO

Hazırda oxunan: Şərqi Anadolunun GİRİŞ QAPISI – Qızıla bürünən körpü və Üzən adaların SİRRİ – REPORTAJ/FOTO

160284

"Go Türkiye" proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəvəti ilə səfərimizin üçüncü, yəni sonuncu günüdür. Bu dəfə Şərqi Anadoluda yerləşən Muş və Bingöl şəhərlərindəki vulkanik gölləri fəth etmək üçün yola çıxırıq. 

Türkiyənin şərqində mədəniyyətlə tarixin sintezi olan Muş Urartu başda olmaqla, Midiyalılar, Fars, Asurriya, Bizans, Səlcuqlu və Osmanlı sivilizasiyalarının tarixi və mədəni izlərini özündə əks etdirir.
 

MÖVZU İLƏ BAĞLI:

“İsgəndər cənnəti”ndə BİR GÜN – Əfsanəvi göl müxtəlif xəstəlikləri SAĞALDIR – REPORTAJ/FOTO 


Altı rayonu birləşdirən, təxminən 413 min əhalinin məskəninə çevrilən bu şəhər zəngin tarixə malikdir. Muş şəhərini Səlcuklular dövlətinin bir yadigarı da adlandıra bilərik. 

Şəhərdə gəzərkən gördüyümüz məkan adları, heykəllər, abidələr məhz Səlcuklularla bağlıdır.


Muş şəhərinin mərkəzindən keçərək məşhur Akdoğan gölünə doğru irəliləyirik. Bu gölü Hamurpet gölü də adlandırırlar. Daha doğrusu Akdoğan dağlarının qərbində bir-birinə çox yaxın olan Böyük Hamurpet və Kiçik Hamurpet adlı iki göl var. Böyük Hamurpet dəniz səviyyəsindən 2149 m yüksəklikdə, 21 m dərinlikdədir.

Sahəsi 1088 km² olan göl bulaq suları və ərimiş qar sularından qidalanır. Səviyyəsi il boyu çox dəyişməyən Böyük Hamurpetin suları qışda donur.


Göl artıq suyunu İskəndər çayına axıdır. 40 sm dərinliyə qədər donan göldə balıq tuta və konki sürə bilərsiniz. Qazlar, ördəklər, durnalar və qunduzların olduğu göldə çoxlu güzgü sazanları yaşayır. Gölün ətrafındakı palıd ağacları isə gölün sahilinə qədər uzanır.
Göllər Muş vilayətində qorunan bataqlıqlar sırasındadır. Muş vilayətinin Varto rayonu sərhədlərində yerləşən vulkanik gölün əsrarəngiz mənzərəsi və suyunun yaşıl çalarda olması turistlərin diqqətini cəlb edən xüsusi məqamdır. Bələdçimiz dünya turistlərinin Muşa məhz bu gölün əsrarəngiz mənzərəsinə tamaşa etmək üçün səyahət etdiklərini xüsusilə vurğulayır. 

Murat körpüsü...

Daha sonra tarixi Murat körpüsünə doğru yola çıxırıq. Tarixi Murad körpüsü Muş vilayətində Murad çayı üzərində, şəhər mərkəzindən cənubda 12 km məsafədə yerləşir. XIII əsrdə Səlcuqlular dövründə inşa edilən Murad Körpüsünün ilk tikilmə tarixi haqqında məlumat yoxdur.


Körpünün üzərində tapılan mərmər üzərində yazılmış 1871-ci il tarixli kitabədən körpünün Osmanlı dövründə bərpa olunduğu müəyyən edilib. Uzunluğu 143 metr olan körpünün eni 5 metr, hündürlüyü 16-18 metrdir. 

Qrup rəhbərimiz Mustafa Akkaya sözügedən körpü ilə bağlı yerli camaatın danışdığı rəvayəti bizə nəql edir. O, deyir ki, körpünü varlı erməni qızı tikdirib. Tikinti zamanı körpüyə baxmağa gedən erməni qızı işləyən ustanın oturduğu yerdə dayanmadan kibrit yandırdığını görüb əsəbiləşib.


Usta qıza “sən çox xəsissən” dediyi zaman erməni qızı “xəsis olmadığımı sübut etmək üçün körpünün dibinə bir kub qızıl basdıracağam” deyə qarşılıq verib. Bu əfsanəyə inananlar basdırılmış qızıl küpləri tapmaq üçün dəfələrlə partlayıcıdan istifadə edərək körpünü dağıdıb. Hətta körpünün orta dayaqları da sökülüb. Aparılan bərpa işlərindən və təhlükəsizlik tədbirlərindən sonra körpü köhnə vəziyyətinə qayıdıb.

Bələdçimizin sözlərinə görə körpü bu gün aktiv şəkildə istifadə olunur və yüzlərlə turistin diqqətini cəlb edən turizm məkanlarından birinə çevrilib. Murat Körpüsünün turizm obyektinə çevrilməsi üçün çoxsaylı addımlar atılıb.  


2010-cu ildə körpü üzərində işıqlandırma sistemi qurulub. Bundan sonra körpü gecələr əsrarəngiz mənzərəyə bürünməyə başlayıb. Şərqi Anadolu İnkişaf Agentliyi (DAKA) isə 2013-ci ildə tarixi Murat Körpüsünün Muş və bölgənin əsas turizm mərkəzinə çevrilməsi üçün memarlıq və mənzərə layihələri hazırlayıb. Hətta inşaat işləri üçün tenderə hazır vəziyyətə gətirilib.  

Bingöl...

Körpüdən ayrılıb Bingöl şəhərinə doğru hərəkət edirik. Təxminən 2 saata yaxın məsafə ilə irəlilədiyimiz yol rəngarəng dağlarla və qayalarla əhatələnib. İzlədiyimiz təbiət möcüzəsinə sehrlənmişdik ki, bələdçimiz mənzilbaşına çatdığımızı elan edir. Budur artıq Muşa nisbətən daha kiçik şəhər olan Bingöldəyik... 


Bələdçimiz bildirir ki, Bingölün qədim keçmişi olsa da, şəhərdə tarixi abidələr yoxdur. Bunun səbəbi isə tarixən Bingölün Ərzurum, Elazığ, Diyarbəkir, Van kimi digər bəyliklərə bağlı olmasıdır. Çünki tarixi abidələr daha çox adıçəkilən bölgələrdə tikilib.

Əvvəlki adı Çapaqcur olan Bingöl 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı olub. 1950-ci ildən isə Bingöl adını daşıyır.

Çapaqcur öncə Qaraqoyunluların, sonra Ağqoyunluların idarətməsində olub. Övliya Çələbi öz səyahətnaməsində şəhərin Makedoniyalı İsgəndər tərəfindən salındığını yazır. Şərqi Anadolunu ümumiləşdirsək, burada qədim tarixə malik olmayan şəhər və ya bölgə tapılmaz.

Əhalisi 200 minə yaxın olan Bingölün əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Gözəl təbiəti olan bu şəhərin təbii balı çox məşhurdur. Hətta bal Bingölün simvolu da hesab edilir. 

Üzən adalar...

Bingöldə yerləşən məhşur üzən adalara doğru yol alırıq. Mustafa Akkayanın sözlərinə görə Türkiyədə 22 üzən adacıq var ki, onlardan 3 ən böyüyü Bingölün payına düşür. Üzən adalar adından da göründüyü kimi hərəkətlidir.


Qeyri-adi mənzərəyə sahib olan və bura gələn turistlərin diqqətini cəlb edən üzən adaların necə hərəkət etdiyi sadəcə təbiət möcüzəsidir. Adaların üzərində yerləşən ağac və bitkilər hərəkət edərək, digər istiqamətlərə yan alır. 

Bələdçimiz üzən adaların hərəkətli olma səbəbini açıqlayır. O, deyir ki, adaların üzərində yerləşən bitkilər mikro hüceyrələri yedikdən sonra metan qazı xaric edir və bununla da həmin qaz adacıqların altındakı suyu hərəkət etdirir.
Bələdçimiz adacıqların hərəkət etdiyi gölməçənin dərinliyinin 45 metrə qədər olduğunu məlumat verir və elə bu vaxt çox rahat şəkildə üzən adacıqların üzərinə doğru hərəkət edir. Suyun dərinliyini biləndə bu adacıqlar üzərinə çıxmaq və ya ona yaxından baxmaqdan ehtiyat edirik. Bir tərəfdən isə maraq bizi götürür və hərəkət edən adacıqların üzərində dayanmaq üçün cəsarətlənirik. 


Doğrudan da başqa aləmdir. 

Altı lil və palçığa bənzəyən adacıqların üzərində dayanırıq. Sanki yer ayağımızın altından qaçacaq və batacağıq. Necə də möcüzədir ilahi... Kiçik bir adacığın üzərində xeyli sayda insan dayanır. Amma adacıq batmır, sadəcə öz axarı ilə üzməyinə davam edir.

Bəs bu adi və nazik qatı saxlayan nədir? 

Maraqlı məqamlardan biri də yaxınlıqdakı adacıqlara keçmək üçün uzun çubuqlardan istifadə olunmasıdır. Həmin çubuqla adacıqları bir-birinə yaxınlaşdırıb, yan tərəfə keçmək və üzən adanı bütünlüklə seyr etmək mümkündür. 

Bənzərsiz möcüzənin necə və hansı tarixdə yaranması barədə heç bir məlumat yoxdur. Bələdçimiz deyir ki, tarixi keçmişə dayanan üzən adaların sirrini heç kim bilmir.


Elə bu möcüzəyə görə Bingölün Solhan rayonunun Hazarşah kəndində yerləşən Durna gölündəki üzən adalar bölgənin ən əhəmiyyətli turizm bölgələrindən birinə çevrilib. Dünyanın hər yerindən bu sirri çözmək üçün üzən adalara çoxsaylı turistlər axın edir. 
Əgər Bingölə səfər etsəniz, üzən adalarla yanaşı mütləq şəkildə Bingölün ət qovurmasının da dadına baxın. İki gün ard-arda bu təamı dadmaqdan zövq aldıq. Qovurmada Bingöldə yetişən heyvanların, daha doğrusu körpə keçi ətindən istifadə edilir.


















Alçina Amilqızı, Muş-Bingöl-Türkiyə, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin