Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq? – Deputatdan AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq? – Deputatdan AÇIQLAMA 

159826

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Bakıda səfərdədir. Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. ŞKTC hələlik dünya səviyyəsində tanınmayan bir dövlətdir. Hələlik yalnız Türkiyə onu müstəqil dövlət olaraq tanıyır.

Azərbaycana gəldikdə, ölkəmizlə ŞKTC arasında bir sıra sahələrdə əlaqələr yaranıb və bu əlaqələr inkişaf etməkdədir. İki ölkə arasında humanitar, mədəniyyət, turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq mövcuddur.

Bakıda ŞKTC-nin təmsilçiliyi fəaliyyət göstərir. Azərbaycan öz problemi olan Qarabağ məsələsini tam həll etdikdən sonra, artıq beynəlxalq aləmdə geniş nüfuz əldə edib. İndi hər bir dövlətə bəllidir ki, Bakının razılığı olmadan Cənubi Qafqazda hər hansı bir layihəni gerçəkləşdirmək qeyri-mümkündür. Bu mənada Azərbaycan xarici siyasət sahəsində atdığı addımları da artıq tam olaraq müstəqil və öz maraqlarına uyğun şəkildə atır.

Mövcud vəziyyətdə Bakı Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıya bilərmi?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, artıq Azərbaycanla ŞKTC arasında rəsmi əlaqələrin qurulması imkanları formalaşmaqdadır:

“Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında müəyyən təmaslarla yanaşı, əlaqlər də mövcuddur. Artıq bir neçə ildir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda təmsilçiliyi fəaliyyət göstərir. Eyni zamanda, ŞKTC-da Azərbaycan diaspor təşkilatı da kifayət qədər aktivdir. İctimai səviyyədə təmaslar da sıxdır.

Bu baxımdan mövcud şərtlər daxilində Azərbaycanla ŞKTC arasında rəsmi əlaqələrin qurulması imkanları da formalaşmaqdadır. Həm də görünən odur ki, bu tendensiya xarakterlidir. Yəni dayanmayan prosesdir. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Bakıdakı toplantısında bildirmişdi ki, ŞKTC-nin bayrağı da burada dalğalanmalıdır. Bütün bunlar zamanla sözügedən istiqamətdə də reallığın ortaya çıxacağını şərtləndirə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin