“İsgəndər cənnəti”ndə BİR GÜN – Əfsanəvi göl müxtəlif xəstəlikləri SAĞALDIR – REPORTAJ/FOTO 

Hazırda oxunan: “İsgəndər cənnəti”ndə BİR GÜN – Əfsanəvi göl müxtəlif xəstəlikləri SAĞALDIR – REPORTAJ/FOTO 

159560

Səfərimizin ikinci günüdür...

Nemrut dağına gəlmək üçün əvvəlcə bu dağın ətəyində yerləşən Tatvana çatmaq lazımdır. Solumuzda Tatvan, sağımızda isə Muş düzünün ecazkar mənzərəsini seyr edə-edə zövqlə yolumuza davam edirik. Məlumat üçün bildirək ki, Nemrut krater gölünü öz sərhədləri içərisində ehtiva edən Bitlis, 5000 illik tarixi sayəsində ətraf rayonları ilə birlikdə mədəni baxımdan çox zəngin bir yaşayış məntəqəsidir. Bütün Anadoluda olduğu kimi, onun mədəni sərvətləri də burada hökm sürmüş demək olar ki, hər bir sivilizasiyanın irsini əks etdirir.

Bedlisdən Bitlisə...

Şəhər mərkəzində qaya blokunun üzərində yerləşən Bitlis inanclara görə Makedoniyalı İskəndərin sərkərdələrindən Bedlis tərəfindən tikildiyi üçün şəhərə onun adı verilib. Eramızdan əvvəl 330-cu ildə inşa edilən, İpək Yolu üzərində yerləşdiyi üçün Səlcuqlular dövründə ticarət mərkəzi rolunu oynayan Bitlisdə çoxlu mehmanxana və karvansaraylar fəaliyyət göstərir. Şəhərin ortasında təpənin üzərində geniş və gözəl bir qala inşa edilib. Bu qalanın böyük köşkləri və bürcləri var. Şəhərin ortasından isə çay axdığı üçün şəhər bolsuludur.

Yol boyu bələdçimiz Bitlisin ev sahibliyi etdiyi Türkiyənin ən böyük krater gölünün valehedici təbiətindən və gözəlliyindən bəhs edir. Təsəvvürlərə sehrlənirəm və Nemrut Krater Gölünü ziyarət etmək üçün səbirsizlənirəm. Çox keçmir ki, bələdçimiz mənzilbaşına çatdığımızı elan edir. Avtobusdan enər-enməz qağayıların və digər quşların civiltisi bir-birinə qarışır. Sanki günlərdir əcnəbi qonaqlarını qarşılamaq üçün səfərbərləniblər.


İlk dəfə gördüyümüz bu mənzərəni heyrətlə izləyirik. Bələdçimizin sözlərinə görə, göldə ən füsunkar mənzərəni seyr etmək üçün burada gecələmək və səhəri gözləmək lazımdır. Təəssüf ki, burada gecələmək kimi şansımız olmasa da, füsunkar mənzərə məni o möcüzəyə aparır.

Tur rəhbərimizin sözlərinə görə Nemrut Krater Gölü potensial turist cəlbediciliyinə sahib olduğu üçün bura maraq olduqca böyükdür. Dünyanın bir çox ölkələrindən buranı fəth etmək üçün turistlər gəlir və valehdici mənzərəni öz xatirələrinə həkk edirlər.

Nemrut Krater Gölünün cənnəti...

Göl Bitlis vilayətinin Tatvan rayonu sərhədləri daxilində sönmüş vulkan olan Nemrut dağının zirvəsində yerləşir. Makedoniyalı İskəndər bütün dünyanı fəth etmək məqsədi ilə Şərqə səfər edərkən bu təbiət möcüzəsini kəşf edir. Elə o vaxtdan bu göl “İsgəndər cənnəti” kimi də tanınır.

Əhatə etdiyi əraziyə görə dünyada on altıncı sırada olan və yüz illərdir ziyarət edilən Nemrut kraterində isti və soyuq göllər bir arada cəmləşib. Göllərin, buz mağaralarının, buxar bacalarının ətrafında onlarla quş növü, eləcə də endemik növün daxil olduğu zəngin floranın olması buranı xüsusilə təbiətsevərlər üçün cənnət edir.


Ölçüsünə görə dünyada öz növünün ikinci ünvanına sahib olan Nemrut Krater Gölü 13 km² sahə ilə bütün kraterin üçdə birini əhatə edir. Sazan balıqlarının yaşadığı göldə balıq ovu ilə məşğul olmaq mümkündür. Yay aylarında göldə konsertlər, üzgüçülük yarışları və yelkənli şoular keçirilir.


Kraterdəki beş göl arasında böyüklüyünə görə ikinci yerdə olan gölün isti bulağı da var. Sahillərində əmələ gələn isti su hovuzlarına girmək, isti bulaq təcrübəsindən zövq almaq istəyənlərin məşğuliyyəti və fəaliyyətləri sırasındadır. Gölün təxminən 150 metr şərqində müxtəlif xəstəlikləri sağaltdığı güman edilən isti buxar boşluqları var.

Zirvənin mənzərəsi

2935 metrlik bu zirvədən günəşin doğuşunun ən gözəl mənzərələrindən birinə və zirvədən yüksələn duman buludları ilə gölün bənzərsiz görünüşünə şahid olursan.

Bələdçimiz deyir ki, Nemrut dağının cənub yamaclarında stul liftləri, kanat yolları və yaşayış yerləri ilə qış mövsümündə yüksək tələbat olan xizək mərkəzi fəaliyyət göstərir. Van gölünün mənzərəsini seyr edərkən xizək sürmək istəyənlər bu həzzi mütləq yaşayırlar. Dünyanın bir çox öllkələrindən əcnəbilər məhz bu mənzərəni seyr etmək üçün gəlirlər.

Nemrut gölü hazırda şirin su gölüdür. Lakin alimlərin fikrincə, vulkanik proseslərin təsiri ilə Van gölü kimi Nemrut da tədricən duzlu gölə çevriləcək. Suyun kimyəvi tərkibinin dəyişməsinə səbəb Nemrut dağının vulkanik fəaliyyəti, həmçinin gölün axarsız olmasıdır. Nemrut gölü ilə Van gölü suları arasında əlaqənin olması fərziyyəsi də var. Məlumatlara görə Van gölünün duzlu suyu (22 ‰ qədər) Nemrut gölünə axır.


Nemrut meşəsi ilə əhatələnmiş gölü kəşf etdikdən sonra avtobusa minmək üçün tələsirik. Bələdçimiz elə bu yerdə Nemrut krater gölünün kənarındakı meşədə ayıların yaşadığını məlumat verir. Hətta bildirir ki, bu ayılar Nemrut meşəsinə piknik üçün gələnlərin oyuncağına çevrilirlər.

Bəzən onları göldə üzərkən də görmək mümkündür. Yemək axtarışında hər gün meşəni dolaşan ayılar insanlar tərəfindən qidalandırıldıqdan sonra səssizcəsinə öz köşələrinə çəkilirlər. Ziyarətçilərin əlləri ilə yedizdirilən, məhəbbət və diqqət görən ayılar tam təhlükəsiz olur. Qış aylarında isə insanlara yaxınlaşmaları mümkünsüzdür. Çünki qış yuxusunda olurlar.

Nemrutun boz ayıları...

Avtobusa minər-minməz sıx örtülmüş ağacların arasından yola doğru irəliləyən qonur ayılara və onların xeyli sayda balalarına rast gəlirik. Maraq bizi götürür və özümüzdən ixtiyarsız “ayılara baxın” deyə qışqırmağa başlayırıq. Qrupumuzun bəzi cəsarətli üzvüləri arasında ayıların yaxın məsafədən foto və görüntülərini lentə alanlar da olur.


Bəziləri isə avtobusa doluşaraq, məsafədən maraqlı səhnəni izləməyə başlayır. Üzərimizdə qida olmadığı üçün onları ələ almağa çətinlik çəkirik. Hücum edəcəklərindən ehtiyatlanıb, vəhşi təbiəti son dəfə izləyərək yolumuza uğurlanırıq...

Ardı var...










Alçina Amilqızı, Türkiyə-Bitlis, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin