Azərbaycanın yeganə keçəçi rəssamı Rauf İsmayılov və həyat yoldaşı Xanım İsmayılova koronavirusa yoluxublar.
Bu barədə Bizim.Media-ya 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi, “Xəmsə” qəzetinin redaktoru Xanım İsmayılova bildirib.
Hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin Zığ modul tipli xəstəxanasında süni nəfəs aparatına qoşulublar.
Rauf İsmayılovun durumunun daha ağır olduğunu deyən Xanım İsmayılova Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqından sənətkarın ayağa qalxması üçün dəstək istəyib:
“Martın 19-dan xəstəxanadayıq. Evdə müalicə effekt vermədi. Hər ikimiz oksigendən asılı vəziyyətdəyik. Rauf müəllimdə 70 faiz buzlu şüşə aşkarlanıb. Məndə isə 30 faiz... Ayrı-ayrı korpuslarda olduğumuz üçün yalnız xəbər ala bilirəm.Onun durumu daha da ağırlaşıb və həyatı sual altındadır. Artıq danışa və yaza bilmir. Yalnız işarələr edir. Heç olmasa Mədəniyyət Nazirliyi və ya Rəssamlar İttifaqı Rauf müəllimin əsərlərindən satışa çıxarsınlar, bu halında ona dəstək olsunlar”.
Xanım İsmayılova rəssamın 9 gün əvvəl ard-arda iki əməliyyatdan çıxdığını bildirib:
“Özəl xəstəxanada prostat vəzinin şişi və ürək əməliyyatından yenicə çıxmışdı. Ardınca koronavirusa yoluxdu. İki əməliyyat xərclərindən sonra maddi durum çətinləşdi. Şükür ki, müalicə aldığımız bu xəstəxanada həkimlər yüksək səviyyədə bizə pulsuz lazımi tibbi yardımları edirlər. Amma borclarımız özəl xəstəxanadakı iki əməliyyatdan sonra yarandı. Rauf müəllimin əsərləri satılsa, müəyyən borc və xərc yüklərindən azad olarıq”.
Qeyd edək ki, Rauf İsmayılov Azərbaycanın ilk və yeganə keçəci rəssamıdır.
O, həm də Azərbaycan Rəssamlar və Reklamçılar İttifaqının üzvü, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və yüzlərlə əsərin müəllifidir.
Həyat yoldaşı Xanım İsmayılova isə respublikanın qabaqcıl təhsil işçisi, “Qızıl Qələm” Media mükafatı laureatıdır.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:28 / 27.03.2021
Yeganə keçəci rəssamın həyatı sual altındadır - Həyat yoldaşından Mədəniyyət Nazirliyinə MÜRACİƏT
Hazırda oxunan: Yeganə keçəci rəssamın həyatı sual altındadır - Həyat yoldaşından Mədəniyyət Nazirliyinə MÜRACİƏT
Hazırda oxunan: Yeganə keçəci rəssamın həyatı sual altındadır - Həyat yoldaşından Mədəniyyət Nazirliyinə MÜRACİƏT
15951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.