“Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini QƏBUL ETDİ - FOTO/VİDEO
“Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub.
Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir.
Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər.
Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu.
Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər”, - deyə dövlət başçısı əlavə edib.
Bizim.Media