Paşinyansayağı SAYIQLAMALAR – Nikol anklav kəndlər məsələsində niyə NALA-MIXA VURUR?

Hazırda oxunan: Paşinyansayağı SAYIQLAMALAR – Nikol anklav kəndlər məsələsində niyə NALA-MIXA VURUR?

159406

Ermənistan baş naziri Nikol Paşinyan son günlər bir sıra açıqlamalar verib. Açıqlamalarının birində o, Zəngəzur dəhlizi məsələsinə toxunaraq, Azərbaycan və Türkiyə ilə yolların açılmasında maraqlı olduğunu deyib. Amma bununla bərabər əlavə edib ki, dəhlizin Ermənistandan keçən hissəsinə kənar ölkələr deyil, özü nəzarət etməlidir.  

Paşinyan son müsahibəsində Qarabağdakı Rusiya sülhməramlılarına da toxunaraq, qeyd edib ki, rus hərbi kontingenti Qarabağı tərk edəcəksə, Ermənistana yox ölkəsinə qayıtmalıdır.

İddia edilir ki, Kremlin planlarından biri də Qarabağdan çıxacaq hərbi kontingenti Ermənistandakı hərbi bazada yerləşdirməkdir. Rusiya hərbi kontigentinin Ermənistandakı bazaya köçürülməsi isə Qərbə yaxınlaşmaq istəyən Paşinyanın maraqlarına cavab vermir. 

Paşinyanın anklav kəndlərlə bağlı mövqeyi isə onun bu məsələdən yayındığına işarədir. Belə ki, bu ilin mayında o, Azərbaycanın anklav kəndləri daxil 86,6 kv/km-lik ərazisini tanıdığına dair bəyannaməyə imza atsa və Qranadada həmin sənədə sadiq qaldığını təsdiq etsə də, işğal altındakı 8 kəndi qaytarmaq niyyəti barədə açıq mətnlə yazılmış hər hansı sənəd imzalamayıb. Bu da onu göstərir ki, Paşinyan işğal altındakı kəndlərin qaytarılması tələblərindən mümkün qədər yayınmağa çalışır. 

Paşinyanın son açıqlamaları nəyə hesablanıb?

Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, Paşinyan anklav məsələsində daxili auditoriyadan qorxduğu üçün sürüşkən mövqe sərgiləyir:

“Paşinyan Azərbaycanın 86,6 kv.km-lik ərazi bütövlüyünü tanıyıbsa, bu o deməkdir ki, anklav kəndləri olan Qazaxın 7 və Naxçıvanın Kərki kəndi də həmin rəqəmin içərisindədir. Sadəcə Paşinyan daxili auditoriyanın təzyiqlərindən qorxaraq, anklav məsələsində sürüşkən mövqe nümayiş etdirir. Amma prinsipcə, Paşinyan artıq bütün məsələlərdə güzəştə getməyə məhkumdur, çünki məsələləri Azərbaycan diktə edir”.
 

Partiya sədri bildirir ki, Paşinyan Azərbaycanla paritet əsasda danışmaq imkanına malik deyil:

“Çünki Azərbaycan müharibəni udmuş tərəfdir və ortada başqa haqlı istəklərimiz də ola bilər. Məsələn, təzminat davası açanda dəymiş ziyana görə nəğd olaraq pul ödəyə bilmirlərsə, əvəzində onlardan ərazi ala bilərik”. 

Zəngəzur məsələsinə gəldikdə, həmsöhbətimizə görə, Ermənistan baş naziri Türkiyə və Azərbaycanla bağlı açılımlar etməyə məcburdur:

“Rusiya ilə körpüləri yandırıb. İndi elə bir vəziyyətə düşüb ki, heç bir tərəfə çıxışı yoxdur. Zəngəzuru əvəz edəcək İran yolu açılarsa, İrəvan ofsaytda qalacaq. Bunu başa düşərək, Paşinyan istəyir ki, yaxınlaşmalar olsun. Çünki başa düşür ki, yalnız Türkiyə və Azərbaycanla əlaqələrin qurulması ölkəsindəki ağır sosial vəziyyəti dəyişə bilər. Azərbaycanın Zəngəzur dəhlizinə alternativ olaraq İran yolu məsələsini gündəmə gətirməsi də Paşinyanı qorxudub. O başa düşdü ki, bu məsələdə özünü naza qoymaq xeyir gətirməyəcək”. 

F.Quliyev qeyd edir ki, Qarabağdan çıxacaq rus sülhməramlı kontingentini Ermənistanın qəbul edib-etməməsi onun öz daxili işidir:

“Həmin məsələ ölkəmizi o qədər də maraqlandırmır. Azərbaycan sadəcə olaraq öz daxili işlərinə Ermənistan və digərlərinin qarışmasını istəmir. Biz buna imkan verməyəcəyik. Sülhməramlıların barışdırıcı missiyası artıq bitib. Artıq Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq imkanı yoxdur”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin