“Azəriqaz”ın ƏNƏNƏVİ FƏALİYYƏTİ – Yayda oturur, soyuqlar düşən kimi TƏMİRƏ BAŞLAYIRLAR...

Hazırda oxunan: “Azəriqaz”ın ƏNƏNƏVİ FƏALİYYƏTİ – Yayda oturur, soyuqlar düşən kimi TƏMİRƏ BAŞLAYIRLAR...

159241

Bakının ənənəvi problemlərindən biri də hava soyuyan kimi təbii qazın verilişində tez-tez fasilələrin yaranmasıdır. Demək olar ki, hər gün bir rayonda və ərazidə qaz 7-8 saat məhdudlaşırılır. Sanki qaz xətlərində yaranmış sızma, karroziya və ya yenilənmə ilə bağlı problemlər soyuq, yaxud qış aylarında baş qaldırır.  

Ənənəyə çevrilən qayda...

Artıq bu məsələ ənənə halını alıb. Yay mövsümü bitən kimi “Azəriqaz”ın yadına qışa hazırlıqla bağlı təmir, quraşdırma, bərpa və xətlərin yenilənməsi işlərinin görülməsi düşür. Sanki bu işləri yay aylarında görüb bitirmək müşkül məsələdir. Yaxud da qışahazırlıq mütləq elə soyuq aylarda görülməlidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – XƏBƏRDARLIQ 


Hər il eyni ənənəni davam etdirən “Azəriqaz” qazın verilişindəki məhdudiyyətləri tədbirlər planı ilə əlaqələndirir. Maraqlısı isə budur ki, qurum qışa hazırlıq üçün əvvəlcədən görəcəyi qabaqlayıcı tədbirləri məhz soyuqlar düşən kimi həyata keçirir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin sabiq mütəxəssisi, kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov qurumu məsuliyyətsizlikdə və fəaliyyətsizlikdə günahlandırıb. 

O, deyib ki, qurumda çalışdığı dövrlərdə, yəni Sovet dövründə qışahazırlıq və yayahazırlıqla bağlı əvvəlcədən hazırlanmış fəaliyyət planı həyata keçirilirdi. 

Hansı ki, il boyu nəzərdə tutulan işlər sistemli şəkildə görülürdü:

“Evi qızdırmaq, məişət işlərini görmək üçün yeganə ümid yeri qazdır. Yay aylarında qışa tədarük üçün lazım olan işləri görmək və bitirmək lazımdır. Çünki qışda əhalinin qaza tələbatı daha da çox olur. Bizim dövrümüzdə qayda-qanun var idi. Vaxtı-vaxtında bu işlər görülürdü.

İndi başlı-başına buraxılıb. Sovet dövründə qaz nəzarətçiləri ayda bir dəfə evlərə gedib qazı, tüstü bacalarını yoxlayırdılar. İndi otururlar, soyuq düşən kimi yadlarına bu işləri görmək düşür. Profilaktik xidmət göstərib-göstərmədikləri bəlli deyil. 

Əhali necə bilsin ki, evdə dəm qazı necə və nədən yaranır? 

İllərlə tüstü bacaları təmizlənmir. Bunu təchizatçı etməlidir. Gedin araşdırın, hansı Bakı sakininin evinə qaz işçisi gəlib? Əhaliyə verdikləri qazla maraqlanan var? Özlərini tərfiləməklə məşğuldurlar. Amma tərifə layiq iş də yoxdur. Üstəlik onların işinə nəzarət edən də yoxdur”.
 

Ekspertin sözlərinə görə ildə iki dəfə qış mövsümü qabağı qızdırıcılar yoxlanmalıdır:

“Tüstü bacalarının yoxlanması planlı şəkildə həyata keçirilməlidir. Yay aylarında orada quşlar yuva sala bilər. Temperaturdan uçqun əmələ gələ bilər. Gəmiricilər düşüb o bacalarda ölə bilər. Bütün bunlar dəm qazı yaradan səbəblərdir. 

2016-cı ilin aprelindən heç bir abonentin qapısı açılmır. 

Sovet dövründə yanğından mühafizə idarəsi hər rübdə evləri yoxlayardılar. Onlar da nəzarət etmirlər. Yayda da, qışda da əhaliyə normal, təhlükəsiz qaz və istilik lazımdır. Bu işlər isə planlı şəkildə görülməlidir. Baxın Şahdağda artıq qar yağıb. Bunlar isə hələ noyabr ayının 15-də ölkəni istiliklə təmin edəcəklər. Bu, da düzgün sistem deyil”. 

Məsələ ilə bağlı “Azəriqaz” İB-yə sorğu ünvanlasaq da, hələlik müraciətimizə cavab verilməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin