Ən çox şikayət olunan İCRA HAKİMİYYƏTLƏRİ – ARAŞDIRMA

Hazırda oxunan: Ən çox şikayət olunan İCRA HAKİMİYYƏTLƏRİ – ARAŞDIRMA

158970

Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. 

Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır. 

Bizim.Media əhalinin ən çox narazı qaldığı icra hakimiyyətlərini araşdırıb. 

Abşeron rayon İcra Hakimiyyəti 


Məlum olub ki, ən çox şikayətlərin olduğu icra hakimiyyəti Abşerondur. Bu qurumun adı mətbuatda müxtəlif qalmaqallarda çəkilir. Təsadüfi deyil ki, ən çox məmur özbaşınalığı da məhz bu icra hakimiyyətində baş verir. Qurumun Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun, Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyevin, eləcə də  Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədovun həbs edilmələri buna nümunədir. 

Həmin qurumda çalışan məmurların heç bir yeniliyə can atmaması, təşəbbüsə qoşulmaması, sakinlərlə görüşlərə maraq göstərməmələri dəfələrlə tənqid edilib.

Rayonun icraatında olan qəsəbələrdəki sosial problemlərin qabardılması, təyinatı üzrə olmayan torpaqların bələdiyyə və ərazi nümayəndəliyi tərəfindən satışa çıxarılması, qanunsuz tikintilərin qarşısının alınmaması, vətəndaş şikayətləri və qazi müraciətlərinə məhəl qoyulmaması ilə bağlı faktlar isə icra hakimiyyətinin fəaliyyətsizliyini ortaya qoyur. 

Bu azmış kimi sıravi vətəndaş tərəfindən Abşeron rayon İcra Hakimiyyəti məhkəməyə də verilib. Belə ki, İbrahimov Rauf Yaqub oğlu Abşeron İcra Hakimiyyəti ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət ünvanlayıb. Müraciətin səbəbi İnzibati orqanların aktları və hərəkətləri, torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.

Xatırladaq ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələskər oğludur. O, bu vəzifəyə 1 ildir ki, təyin edilib. Bundan əvvəl icra başçısı isə İradə Gülməmmədova olub. Əslində icra hakimiyyətinin fəaliyyəti ilə bağlı narazılıqlar İradə Gülməmmədovanın başçı olduğu dövrdən başlayıb. 

Nizami rayon İcra Hakimiyyəti 


Bu rayonun sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçiliyindən təngə gəldiklərini bildiriblər. İcra hakimiyyətinin fəaliyyətsizliyindən şikayətlənən vətəndaşların bildirdiyinə görə, Nizami rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur. 

Yeni icra başçısı Coşqun Cəbrayılov bir ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşüb, ünsiyyətə nail ola bilmədiklərini deyirlər.

Xətai rayon İcra Hakimiyyəti  


Xətai rayon İcra Hakimiyyəti bu rayonda daha çox yaşıllığa qənim kəsilir. Məhəmməd Hadi küçəsindəki “Yellow market”lə üzbəüz ərazinin, Sarayevo küçəsindəki yaşıllığın ekoloji genosidə məruz qalması buna nümunədir. Qeyd edək ki, bu rayonun icra başçısı Rafiq Quliyevdir. O, 4 ildir ki, Xətai rayonuna başçılıq edir.  

İmişli rayon İcra Hakimiyyəti 


Fəaliyyətindən hədsiz narazılıq edilən icra başçılarından biri də Elçin Rzayevdir. İmişli əhalisi xüsusilə rayondakı su qıtlığından şikayətlənirlər. 

Pambıqçılıqla məşğul olan İmişli fermerləri mediaya çıxaraq əkin sahələrinin susuzluqdan məhv olduğunu dilə gətirirlər. Fermerlər icra başçısına su qıtlığı ilə bağlı dəfələrlə müraciət etsələr də, icra başçısı bu məsələnin həllini Su idarəsinin üzərinə atmaqla işini bitmiş hesab edir. İmişli əhalisi digər sosial məsələlərdə də başçının qəbuluna düşməkdə çətinlik çəkdiklərindən gileylənirlər. 

Suraxanı rayon İcra Hakimiyyəti 


Şikayətlərin çox olduğu daha bir icra hakimiyyəti Suraxanıdır. Əhalinin şikayətləndiyi, yol, park və küçələrin baxımsızlığı, məişət tullantılarının vaxtı-vaxtında götürülməməsi, qanunsuz obyektlərin çoxalması, eləcə də Mənzil Kommunal Təsərrüfat Birliklərinin özbaşınalıqları bu rayonun da reytinqini xeyli aşağı salıb. 

Siyahını uzatmaq da olar. Amma adlarını çəkdiyimiz icra hakimiyyətləri fəaliyyətsizlikləri ilə bağlı daha öncül sıradadırlar.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib. Vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur. O, 2019-cu ildən bu vəzifəni icra edir.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin